REGİONLAR
Hər birimiz Vətən üçün bir əsgərik VİDEO
Beyləqan, 21 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan şəhərinin mərkəzi stadionunda Müdafiə Nazirliyi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Hər birimiz Vətən üçün bir əsgərik” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, hərbi xidmətçilər, Böyük Vətən, Əfqanıstan və Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimai xadimlər, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Xanhüsyn Kazımlı, Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani gün-gündən qüdrətlənən Azərbaycan ordusundan fəxarətlə bəhs edərək bildiriblər ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ordumuzun güclənməsini təmin edən uğurlu siyasət həyata keçirilir. Azərbaycan ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin yüksək döyüş ruhu, mənəvi əhval-ruhiyyəsi və ordu ilə xalqın monolit birliyi onu deməyə imkan verir ki, ordumuz işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır. Bu gün Azərbaycanın ərazi bütövlüyünü, təhlükəsizliyini etibarlı şəkildə təmin edən, düşmən təcavüzünün qarşısını qətiyyətlə alan və torpaqlarımızı işğaldan azad etməyə qadir olan Silahlı Qüvvələrimiz var. Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcək, gec-tez ərazi bütövlüyünü təmin edəcək.
Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, tanınmış incəsənət ustalarının ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim edilib. Habelə Gəncə Dövlət Dram Teatrının aktyorlarının hazırladığı kompozisiya və müxtəlif səhnəciklər nümayiş olunub. Aktyorlar səhnədə Cavanşir, Tomris, Babək kimi xalq qəhrəmanlarının, Şah İsmayıl Xətainin, Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun və Qarabağ şəhidlərinin obrazlarını canlandırıblar. Onlar Vətənin igid oğullarını qələbəyə səsləyib, şəhid anaları əsgərləri işğal altındakı torpaqlarımızı azad etmək üçün yola salıblar.
Sonra Şəhidlər Abidə Kompleksindən götürülən od meydana gətirilib. Xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirib. Qədim və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi geyimində olan əsgərlər, ifa edilən mahnı və rəqslər iştirakçılarda nikbin duyğular yaradıb, qələbəyə inam hissini artırıb.