ELM VƏ TƏHSİL
“Hər damcı bir həyatdır!” müsabiqəsinə şagirdlər 200-dən artıq iş təqdim ediblər
Bakı, 7 dekabr, AZƏRTAC
5 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzində “Hər damcı bir həyatdır!” ekoloji müsabiqəsi çərçivəsində “Su ətraf aləmdə” adlı elmi–praktik konfrans keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqəyə respublikanın məktəblərində təhsil alan məktəbdənkənar müəssisələrin dərnək üzvləri cəlb olunublar.
Müsabiqə rəsm və plakat, esse, videoçarx nominasiyalar üzrə keçirilib.
Müsabiqəyə bölgələrdə və paytaxtda təhsil alan şagirdlər ümumilikdə 200-dən artıq iş təqdim ediblər.
Konfrans sudan qənaətlə istifadə etmək, su hövzələrinin çirkləndirilməsinin qarşısının alınması istiqamətində uşaq və yeniyetmələrin savadlılığının artırılması, hər damla suyun qiymətinin dəyərli olduğunu gənc nəslin və cəmiyyətin diqqətinə çatdırmağa həsr olunub.
Mərkəzin akt zalında “Təsviri incəsənət studiyası” və “Aplikasiya və dekorativ rəsm” dərnək üzvlərinin əl işləri və rəsmlərindən ibarət sərgi təşkil olunub.
Müsabiqədə I, II və III yerlərin qalibləri diplom və sertifikatlarla təltif olunublar.