CƏMİYYƏT


“Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 31 may, AZƏRTAC

31 may – Dünya Tütünsüz Günü bütün dünyada, o cümlədən ölkəmizdə hər il qeyd olunur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hər il bu günlə bağlı təşkil edilən tədbirlərin əsas məqsədi ictimaiyyəti tütünçəkmənin və tütün tüstüsünün zərərli təsiri ilə bağlı bir daha məlumatlandırmaq, bu zərərli vərdişin qarşısının alınması istiqamətində səmərəli təbliğat və təşviqat işləri aparmaqdır.

Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADMİU-nun prorektoru Gülşən Kəngərli ölkəmizdə gənclərin xüsusi qayğı ilə əhatə olunduğunu, yeni nəslin sağlam inkişafının, təhsilinin, mənəvi tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Zərərli vərdişlərin həm sağlamlığa, həm də yaradıcılığa ciddi zərər vurduğunu bildirən G.Kəngərli yeni nəsli sağlam həyat tərzi keçirməyə çağırdı.

İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə əhalinin sağlamlığının qorunması, tütün məmulatlarından istifadənin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması məqsədilə təhsil müəssisələrində silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib: “Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən ötən illərdə olduğu kimi, 2019-cu ildə də tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə bir sıra kütləvi tədbirlər təşkil edilib. Belə ki, cari ildə Fəvvarələr meydanında “Həyatınızı külə yox, gülə çevirin!” adlı təşviqat aksiyası keçirildi, “Sağlam gələcək naminə tütünçəkmədən uzaq olun!” tövsiyəsi ilə fləşmob təşkil edilib, Dünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə “Tütündən imtina et” mobil aplikasiyası istifadəyə verilib”.

Dünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Hande Harmancı çıxış edərək, 31 may – Ümumdünya Tütünsüz Gününün tarixi və günün builki mövzusu olan “Tütün və ağciyərlərin sağlamlığı” bərədə məlumat verib.

İSİM-in ictimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev bildirib ki, tütün tüstüsünün təsiri nəticəsində ildə təxminən 8 milyon insan dünyasını dəyişir: “Odur ki, ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanununun qəbul edilməsi və icra olunması əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır”.

Azərbaycan Respublikası Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin bölmə müdiri Adil Vəliyev tütünçəkmə ilə mübarizədə dövlətin dəstəyini və bu sahədə məqsədyönlü tədbirlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

İSİM-in səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva tütünçəkmə və digər zərərli vərdişlərə qarşı mübarizənin daha effektiv, daha səmərəli aparılması üçün əməkdaşlığın, qarşılıqlı fəaliyyətin mühüm rolunu vurğulayıb.

Görkəmli mədəniyyət xadimləri – xalq artistləri Zamiq Əliyev, İlham Namiq Kamal, əməkdar artistlər – Azad Şükürov, Fehruz Səxavət və Əliağa Sədiyev, müğənni Cavid Hüseyn, gənc rejissor Ümid Abbas çıxış edərək, tütünçəkmənin yaradıcılığa və sağlamlığa zərərlərindən söz açıblar, şəxsi təcrübələrini iştirakçılarla bölüşərək, yeni nəsli zərərli vərdişlərdən uzaq olmağa səsləyiblər.

Ədəbiyyat və incəsənət xadimləri, səhiyyə mütəxəssisləri, KİV nümayəndələrinin iştirakı ilə keçən dəyirmi masada mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.