DÜNYA


Hər il 745 min insan həddən artıq işləməkdən həyatını itirir

Cenevrə, 17 may, AZƏRTAC

Həddən artıq işləmək və iş gününün normadan artıq sürməsi hər il yüz minlərlə insanın erkən ölümünə səbəb olur.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) sifarişi əsasında elmi araşdırma aparılıb. Nəticədə məlum olub ki, həftəlik 55 saat və daha çox işlədiklərinə görə, 2016-cı ildə dünya üzrə 398 min insan insultdan, 347 min insan isə ürək-damar xəstəliklərindən erkən vəfat ediblər.

Hesabatla bağlı açıqlamasında ÜST rəhbəri Tedros Qebreyesus bildirib ki, heç bir peşə fəaliyyəti həyat bahasına başa gələn riskə dəymir. Ona görə də hökumətlər, iş sahibləri və işçilərin özləri əmək fəaliyyətində olan insanların mühafizəsi üçün limitlər müəyyən etməlidirlər.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, həddən ziyadə əmək fəaliyyətinə görə 2016-cı ildə ümumilikdə 23 milyon il həcmində sağlam illər itirilib. Həftəlik iş yükü 55 saatdan yuxarı olan insanlarda ürək-damar xəstəliklərinə tutulma riski artıb. Bir tərəfdən fiziki və psixi yüklənmə bu xəstəliklərə yol açır, digər tərəfdən isə asudə vaxtın çatışmazlığından hərəkət məhdudluğu və yuxusuzluq vəziyyətə mənfi təsir göstərir. Bu qrupa daxil olan insanlar arasında alkoqollu içkilər və tütün məmulatlarından istifadə əlavə ağırlaşdırıcı faktor rolunu oynayır.

ÜST və BƏT-in sifariş etdiyi tədqiqat çərçivəsində dünyanın 154 ölkəsində sorğular təşkil edilib, 1,6 milyon iştirakçı arasında insult və ürək xəstəliklərinə dair araşdırmalar aparılıb. Tədqiqatçıların gəldiyi nəticəyə görə, dünya əhalisinin təxminən doqquz faizi həftə ərzində 55 saat və ya daha çox əmək fəaliyyəti ilə məşğul olur. Şərqi Asiya, Cənub-Şərqi Asiya və Hindistanda, eləcə də Afrika və Cənubi Amerikanın bir sıra ölkələrində əmək şəraitindən qaynaqlanan ürək-damar xəstəlikləri üstünlük təşkil edir. Sadalanan regionlarda əksər insanlar əmək müqaviləsi və tənzimlənmiş iş saatları olmadan işləyirlər.

Mütəxəssislər hesab edirlər ki, koronavirus pandemiyası bu vəziyyətə daha da ağırlaşdırıcı təsir göstərib. Evdən işləyən insanlarda iş saatı və asudə vaxt arasında sərhədləri çox vaxt müəyyən etmək olmur. Pandemiyaya görə işçilərin sayını ixtisar etməli olan şirkətlərdə çalışanların iş yükü daha da artır.

Hər iki beynəlxalq qurum buna görə də əmək qanunvericiliyinin icrasını gücləndirməyə və bu istiqamətdə qanuni boşluqları doldurmağa çağırış ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.