İQTİSADİYYAT
Hər il 9 minə yaxın əlil insana bərpa-müalicə xidməti göstərilir
Bakı, 31 iyul (AZƏRTAC). 2003-2013-cü illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki bərpa müəssisələrində 70 minə yaxın əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, bu müddətdə hər il 100 nəfərədək əlilin xarici ölkələrdə 28 günlük bərpa müalicəsi, 1000 nəfərə yaxın əlilin istirahət zonalarında mənalı istirahəti təşkil olunmuşdur. 2012-ci ildən etibarən sümük-əzələ xəstəlikləri olan 100-dən artıq əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi həyata keçirilir.
Hazırda ölkənin bütün regionları üzrə 14 reabilitasiya mərkəzində hər il 9 minə yaxın əlil insana bərpa-müalicə xidməti göstərilir.
Ümumiyyətlə, son 10 il ərzində Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan və Gəncə şəhərlərində filialları inşa etdirilərək istifadəyə verilmişdir. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədi ilə Bakı və Naxçıvan şəhərlərində uşaq bərpa mərkəzləri yaradılmışdır.