CƏMİYYƏT
Hər il Ümummilli Liderin xatirəsini yad etmək bizim borcumuzdur
Bakı, 10 may, AZƏRTAC
Hər il Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edirəm. Bu il də özümə borc bildim. Hər bir vətəndaşımızın borcudur ki, dövlətimizin qurucusu və banisi olan Ümummilli Liderin məzarına gəlib onun xatirəsini yad etsin.
Bu fikirləri dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün mayın 10-da Fəxri xiyabana gələn Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalov AZƏRTAC-a müsahibəsində deyib.
“Ümummilli lider Heydər Əliyevin sarsılmaz iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Ulu Öndər elə bir şəxsiyyət, görkəmli siyasətçi idi ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsildən-nəsillərə keçərək yaşayacaq. Ümummilli liderimizin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji xətt olaraq ölkəmizə və xalqımıza daim uğur gətirir. Bu gün dahi şəxsiyyətin siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev xalqımızın qürur mənbəyidir”, - deyə Ə.Zeynalov əlavə edib.