REGİONLAR
Hər kim 100 il yaşamasa... 113 yaşlı Qazax sakini – REPORTAJ VİDEO
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycanın qərb bölgəsinin, bəlkə də ölkəmizin ən yaşlı sakini olan Səyalı Nəbiyeva ömürboyu zəhmətkeşliyi və torpağa bağlılığı ilə kənddə tanınıb. Qazax rayonunun Kəmərli kəndindən olan 113 yaşlı Səyalı nənə elə indi də gündəlik həyət-baca işlərindən qalmır, aktivliyi ilə hər kəsi təəccübləndirir.
AZƏRTAC xəbər verir ki, İncə dərəsinin üç kəndindən biri olan Kəmərli Ermənistanla sərhəddə yerləşir. Bura düşmənin tez-tez atəşə məruz qaldığı məntəqələrdəndir. Səyalı nənə də elə bu kənddə yaşayır. Gülərüz və zarafatları ilə diqqət çəkən nənə, hətta yaşının 113 deyil, 114 olduğunu söyləyir. Sənəddə isə doğum tarixi 1907-ci ili göstərir.
Ermənilərdən söhbət düşəndə Səyalı nənə bərk əsəbiləşir. Yadına ermənilərin ötən əsrin əvvəllərində xalqımıza qarşı törətdikləri vəhşiliklər düşür.
Səyalı nənə hazırda aktiv həyat sürməkdədir. Qapı-bacada toyuq-cücəyə baxır, qidalanmasına xüsusi diqqət yetirir. “Diri halda görmədiyim heyvanın ətini yemərəm. Təbii məhsullara üstünlük verirəm, alınma heç nə yemirəm. Malımızın, qoyunumuzun südündən və ondan hazırlanan məhsullardan istifadə edirəm. İndiyə qədər su içməmişəm, əsasən, çay içirəm. Xəstəxanaya da getməmişəm”, - Səyalı nənə deyir.
Kənd sakinləri, qohum-qonşu da Səyalı nənənin həmişə qulluğunda durur. Məclislərdə İncə dərəsinin ən yaşlı ağbirçəyi kimi onun xeyir-duasını alır. “Səyalı nənə zəhmətkeş anadır, hər işi də bacarır. O, qoçaq qadındır. 113 yaşı olmasına baxmayaraq, indi də bir çox işi özü görür. Toylarda, nişanlarda hamıya xeyir-duasını verir”, – deyə kənd sakini Hürü Rəhimova bildirib.
Uzunömürlü nənə seçkilərdə də fəal iştirak edir. Özü sərbəst şəkildə kənddəki seçki məntəqəsinə gedib səs verir. İsti yay günlərində isə vaxtını körpə nəticələrinə ayırır, zamanını onlarla keçirir.