CƏMİYYƏT
Hər köpək balığı fərqli davranışa malikdir
Bakı, 25 avqust, AZƏRTAC
Avstraliya alimləri müəyyən ediblər ki, eyni köpək balığı növünün müxtəlif fərdləri bir-birindən xasiyyət və davranış cəhətdən fərqlənə bilər.
AZƏRTAC “neurotechnologies.ru” saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Fish Biology” nəşrində dərc edilib. Sığınacaqdan çıxmağa və yaşayış üçün potensial təhlükə olan yeni ərazilərin öyrənilməsinə meyilli olmağın yoxlanılmasında Avstraliyanın “Heterodontus portusjacksoni” çoxdişli köpək balığının bəzi fərdləri öz yoldaşlarından daha qoçaq olub. Cavan köpək balıqlarında cəsarət və stress-reaktivliyin tənzimlənməsi qeydə alınıb, habelə onların cürət və fəallığı arasındakı bağlılıq aşkar edilib. Məqalə müəllifi yazır: “Bizim işimiz göstərir ki, bütün köpək balıqlarının eyni olması barədə fikir yürütmək səhvdir. Onların hər birinin öz davranışı və seçimi var. Bu fərq hər şeydən əvvəl onların öz yaşayış mühiti və digər növlər ilə qarşılıqlı münasibətinə təsir göstərir. Ayrı-ayrı köpək balıqlarının davranışının fərqli olmasının (məsələn, qida axtararkən) dərk edilməsi ekologiya, habelə bu növlərə nəzarət baxımından əhəmiyyət daşıyır”.