ELM VƏ TƏHSİL
“Hər məktəbi sağlamlığı təşviq edən məktəbə çevirmək” devizi altında onlayn forum keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının və UNESCO-nun birgə təşkilatçılığı ilə “Hər məktəbi sağlamlığı təşviq edən məktəbə çevirmək” devizi altında onlayn forum keçirilib. Yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 70-ə yaxın ölkədən 100-dən çox şəxsin iştirak etdiyi forumda “Sağlamlığı təşviq edən məktəblər” təşəbbüsü və bu təşəbbüsü həyata keçirtmək üçün icra sxemi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, forumda Təhsil Nazirliyinin “Sağlam təhsil – sağlam millət” layihəsinin koordinatoru Elmar Quliyev də iştirak edib.
Forum zamanı sağlamlığı təşviq edən məktəblər, onların sistemi üçün hazırlanmış qlobal standartlar və indikatorlar paketinin təqdimatı Ümumdünya Səhiyyə Təşkilatının departament direktoru Anju Banerji tərəfindən keçirilib. Qeyd olunub ki, bu paket dünya üzrə 1,9 milyard yeniyetmə və məktəblinin sağlamlığını və rifahını yaxşılaşdırmağa xidmət edir.
Xatırladaq ki, ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində sağlam təlim mühitinin formalaşdırılması, sağlamlığı qoruyan təhsil texnologiyalarının hazırlanması və tətbiqi üzrə keçirilən “Sağlam təhsil–sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.