CƏMİYYƏT


Hərb Tarixi Muzeyində “Zəfər sənindir ancaq Azərbaycan əsgəri!” adlı tədbir keçirilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Azərbaycan Hərb Tarixi Muzeyində “Zəfər sənindir ancaq Azərbaycan əsgəri!” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Anım Günü ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun alim heyəti, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, hərbi hissələrinin təmsilçiləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, bir sıra muzeylərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbirdə çıxış edərək bildirib ki, rəşadətli Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük fədakarlıq nümayiş etdirərək düşməni cəmi 44 ərzində darmadağın etdilər. Ermənistanın 30 il ərzində işğal altındakı ərazilərimizdə yaratdığı istehkamları yarıb keçən qəhrəman Ordumuz doğma torpaqlarımızı yağı düşməndən təmizlədi. Azərbaycanın tarixi Zəfəri ilə yekunlaşmış bu savaş ədalətli və əsl Vətən müharibəsi idi.

27 sentyabr – Anım Günündə xalqımızın həm kövrəlib, həm də qürurlandığını vurğulayan Ə.Qənizadə bildirib ki, tarixi Qələbəyə nail olan Ordumuz şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının, Gəncə, Bərdə və digər şəhər və rayonlarımızda düşmən tərəfindən qətlə yetirilmiş günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. “Qarabağ Azərbaycandır və nida işarəsi!”, - deyə Prezidentimizin rəhbərliyi altında müzəffər Ordumuz sübuta yetirdi ki, bir qarış torpağımızı da heç kimə güzəştə getməyəcəyik. Azərbaycan torpağı müqəddəs, sərhədləri toxunulmazdır. Misilsiz qəhrəmanlıq nümunələri ilə zəngin olan Vətən müharibəsi tarix boyu xalqımızın ən böyük qürur mənbəyi olaraq qalacaqdır.

ICOMAM Beynəlxalq Komitəsinin İdarə heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov, Vətən müharibəsi qəhrəmanları Səfər Qurbanov və Mirdamət Bağıyev, qazi, ehtiyatda olan polkovnik-leytenant İntiqam Mirzəyevin çıxışlarında 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək gücünü, əzmkarlığını, vətənpərvərliyini və Qələbə əzmini bütün dünyaya göstərdi, tarixi ədaləti bərpa etdi.

Sonda Vətən müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib, muzeydə açılan sərgiyə baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.