CƏMİYYƏT


Hərb Tarixi Muzeyində veteranlarla görüş olmuşdur

Bakı, 2 may (AZƏRTAC). Böyük Vətən müharibəsində Qələbənin 67-ci ildönümü və azərbaycanlı əsgərlərin təşkil etdiyi 416-cı Taqanroq diviziyasının yaradılmasının 70 illiyi münasibətilə Hərb Tarixi Muzeyində veteranlarla görüş keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, 9 May - Qələbə Günü ərəfəsində bir araya gələn müharibə veteranları əvvəlcə 416-cı milli diviziyanın yaradılmasının 70 illiyinə həsr olunmuş fotosərgi ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, sərgilənən əsərlər orta məktəb şagirdlərinin əl işləridir.

Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

Sonra faşizm üzərində qələbənin 67-ci və Taqanroq diviziyası adı ilə tarixə düşən 416-cı diviziyanın yaradılmasının 70-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Hərb Tarixi Muzeyinin direktoru Rüfət Əmirov 70 il bundan əvvəlki tarixə nəzər salaraq dünyanın faşizm təhlükəsindən qurtulmasında Azərbaycan nefti ilə bərabər, səngərlərə yollanan 600 min övladımızın yazdığı qəhrəmanlıq tarixinin önəmindən danışmışdır. 300 min əsgərimizin geri dönmədiyi müharibənin acılarının unudulmadığı, Qələbə gününün 67 il sonra da ruh yüksəkliyi ilə qeyd edildiyi bildirilmişdir. 70 illiyi qeyd olunan 416-cı Taqanroq diviziyası isə İkinci Dünya müharibəsində faşizmə qarşı qəhrəmanlıq salnaməsi yazan 8 milli diviziyamızdan biridir. Məhz bu diviziyanın qəhrəmanları 3 min kilometrdən çox məsafəni qət edərək Qafqazdan Berlinə qədər irəliləmişlər.

Görüşün sonunda Azərbaycan Televiziyasının hazırladığı “416-nın yolu ilə” sənədli filmi nümayiş etdirilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.