Hərbçilərimiz bir arzu ilə yaşayırlar – Vətən uğrunda ədalətli mübarizəni layiqincə davam etdirmək
AzerTAg.az

Bakı, 5 oktyabr, AZƏRTAC
Ermənistan növbəti dəfə təcavüzkar hərbi-siyasi planları rəhbər tutmaqla beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Azərbaycanın dinc sakinlərinə hücum edib. Azərbaycan üçün bu tarixi günlərdə biz hərbi əməliyyatların keçirildiyi yerlərdən məlumatları həyəcanla gözləyirik. Fikirləşəndə ki, bu an orada sənin oğlun, həyat yoldaşın, qardaşın ölə bilər, ürəyimizdən qara qanlar axır. Lakin Prezidentimizin bu sözləri qəlbimizi sakitləşdirir: “Allah bütün şəhidlərə rəhmət eləsin, Allah onların ailələrinə, yaxınlarına səbir versin. Şəhidlərin qanı yerdə qalmayıb və qalmayacaq”. Biz bilirik ki, əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar - Vətən uğrunda ədalətli mübarizəni layiqincə davam etdirmək.
Bu barədə AZƏRTAC-a müsahibəsində Bakı Slavyan Universitetinin Ümumi dilçilik kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Qalina Udalıx deyib.
“Mən bir Azərbaycan vətəndaşı, pedaqoq və iki oğul anası kimi, Prezidentimiz İlham Əliyevin düşünülmüş, dövlətin maraqlarının və ərazi bütövlüyünün müdafiəsinə istiqamətlənmiş siyasi xəttini dəstəklədiyimi bildirirəm. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərini azad etməyə və bununla da BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etməlidirlər.
Bu, həqiqətən Vətən müharibəsidir və Azərbaycan bu müharibədə qalib gələcək. Çünki öz doğma torpağı uğrunda, bu torpaqda sülhə və sabitliyə nail olmaq uğrunda vuruşan ordu və xalq qalib gəlməyə bilməz. “Uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz”, - deyə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sentyabrın 30-da yaralı hərbçilərlə görüşdə bildirib”, - deyə Q.Udalıx əlavə edib.
Xəbərin mətnində orfoqrafik səhv var