ORDU
Hərbi Dəniz Qüvvələrində Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilən tədbir keçirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
“İnnovativ Təşəbbüslər” İctimai Birliyinin təşəbbüsü, Müdafiə və Təhsil nazirliklərinin dəstəyi ilə Hərbi Dəniz Qüvvələrində 15 sentyabr – Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin nümayəndəsi, dövlət qulluqçusu Zümrüd Səmədova, “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin sədri Əşrəf Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi, tarixçi Rizvan Hüseynov çıxış edərək Bakının azad edilməsinin müstəqil dövlətçiliyimizin tarixindəki əhəmiyyətindən danışıblar.
Çıxış edənlər Bakının azad olunması üçün keçirilən hərbi əməliyyatlarda yüzlərlə türk əsgərinin şəhid olduğunu, müxtəlif rayonlarda türk şəhidlərinin məzarlarının indi də ehtiramla ziyarət edildiyini, Bakıdakı Şəhidlər xiyabanında da türk əsgərlərinin xatirəsinə abidə kompleksinin ucaldıldığını bildiriblər.
Tədbirdə Müdafiə və Təhsil nazirliklərinin, “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin nümayəndələri, şəhid, hərbçi və aztəminatlı ailələrin övladları, istedadlı şagirdlər və valideynlər iştirak ediblər.