SİYASƏT


Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışı olub VİDEO

Bakı, 25 aprel, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin aviasiya bazasının yeni inşa edilən birləşmiş komanda məntəqəsinin açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstünü ziyarət edərək qarşısına gül dəstələri qoyub, xatirəsini yad ediblər.

General-polkovnik Zakir Həsənov və digər rəhbər şəxslər uçuşlara nəzarət və idarəetməni yerinə yetirən yeni naviqasiya sisteminə, HHQ-nin təlim-məşq poliqonunun tədris otaqlarına, eləcə də ərazidəki digər xidməti və inzibati obyektlərə baxış keçiriblər. Nazir zenit-raket komplekslərinin heyətlərinin, quru qoşunlarının hava hücumundan müdafiə bölmələrinin, radio-texniki bölmələrin texniki heyətlərinin məşğələlərini izləyib, S-125 zenit-raket kompleksinin idarəetmə məntəqəsində olub.

Müdafiə nazirinə məruzə edilib ki, Türkiyə, İsrail, ABŞ, Fransa, Böyük Britaniya, Norveç və bir sıra digər ölkələrin şirkətlərinin istehsal etdiyi müasir avadanlıqla təchiz edilən birləşmiş komanda məntəqəsinin əsas təyinatı müxtəlif növ hərbi aviasiya vasitələrinin uçuşlarının idarə edilməsini, həmçinin döyüş tapşırıqlarının dəqiq və effektiv icrasını fasiləsiz təmin etməkdir.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi üçün birləşmiş komanda məntəqəsinin fəaliyyətinə dair geniş brifinq keçirilib.

“Super Muşşak” təlim-məşq təyyarələrinə və trenajor zallarına baxış keçirən müdafiə naziri Ali Baş Komandanın ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələri şəxsi heyətin diqqətinə çatdırıb və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, hərbi pilotlarımızın peşəkarlığının artırılması ilə bağlı komandanlığa müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.