ORDU
Hərbi Hava Qüvvələrinin yeni Birləşmiş Komanda Məntəqəsi istifadəyə verilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Silahlı Qüvvələrin modernləşdirilməsi çərçivəsində Hərbi Hava Qüvvələrinin idarəetmə sisteminin təkmilləşdirilməsi və yüksək texniki standartlar səviyyəsinə çatdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin tabeliyində olan hərbi hissəyə gəlib.
Müdafiə Nazirliyinin rəhbərliyi yeni təmir edilən hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanası, yeməkxana, qazanxana, ərzaq anbarı, tibb məntəqəsi, transformator yarımstansiyası, rabitə qovşağı, sıra meydanı və digər obyektlərə baxış keçirib, hərbi qulluqçuların sosial-məişət və xidməti şəraiti, həmçinin döyüş fəaliyyəti ilə maraqlanıb.
Nazirliyin rəhbərliyi ən müasir və yüksək texnologiyalar əsasında yaradılmış avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilərək istifadəyə verilən Qırıcı Aviasiya Bazası və Radiolokasiya hərbi hissəsinin Birləşmiş Komanda Məntəqəsinin açılışında iştirak edib.
Birləşmiş Komanda Məntəqəsinin fəaliyyəti barədə təqdimatdan sonra Hərbi Hava Qüvvələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi ssenarisi üzrə təlim tapşırıqları icra olunub.
Məlumat verilib ki, müasir texnoloji avadanlıqla təchiz edilən məntəqə Hərbi Hava Qüvvələrinin döyüş növbətçiliyinin yüksək səviyyədə aparılması, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanılması, təhlili, qərarların vaxtında qəbulu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarının səmərəli icrasını təmin edir.
Yaradılan şəraitlə tanışlıqdan sonra gündəlik xidmətin və döyüş növbətçiliyinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verilib.