SİYASƏT


Hərbi Liseydə şəhid məzunların xatirəsi anılıb VİDEO

Bakı, 21 oktyabr, AZƏRTAC

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən Vətən övladlarımızı tanımaq və tanıtmaq məqsədilə “Şəhidlər ölməz - Vətən bölünməz!” adlı silsilə tədbirlər çərçivəsində şəhidlər Mürsəl Kazımlı, Məzdək Eyvazlı, Teymur Zeynalov və Mixail Həmidovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hərbi Liseyin kursant, zabit və müəllim heyətinin, şəhidlərin ailə üzvlərinin, döyüşçü yoldaşlarının, dostlarının və digər qonaqların iştirak etdikləri anım mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhid məzunların ömür və döyüş yollarından bəhs edən videoçarxlar nümayiş olunub.

Mərasimdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarından, Vətənin şəhid övladlarının – Mixailin, Mürsəlin, Məzdəkin, Teymurun gələcək nəsillərə örnək olan qısa, lakin şərəfli ömür və döyüş yollarından danışaraq, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüyən bu gənclərin adlarının hər zaman uca tutulacağını və xatirələrinin qəlblərdə yaşayacağını vurğulayıblar.

Şəhidlərin valideynləri onlara göstərilən yüksək diqqət və qayğıya, övladlarının adının uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik və qəhrəmanlığı tərənnüm edən mahnı və marşlarla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.