CƏMİYYƏT


Hərbi Qənimətlər Parkı Azərbaycan və Türkiyənin qürur duyduğu ünvandır

Bakı, 23 oktyabr, AZƏRTAC

Hərbi Qənimətlər Parkı Azərbaycanla birlikdə Türkiyənin də qürur duyduğu ünvandır. O, bir il əvvəl “Qarabağ düyünü”nün kəsildiyi möhtəşəm bir tarixi ifadə edən ocaq kimi ziyarət edilir. Park Azərbaycan xalqının, onun bağrından qopan Silahlı Qüvvələrin rəşadətinin, Prezident İlham Əliyevin siyasi iradəsinin göstəricisi kimi də ibrətamizdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hərbi Qənimətlər Parkında təşkil edilən “Zəfərdən zəfərlərə” adlı rəsm sərgisində iştirak edən Türkiyə Respublikasının vətəndaşı Nəcməddin Tasbag deyib. Zəfər Gününü, o Günün yaratdığı ovqatı bütün sifət cizgiləri ilə ifadə edən Nəcməddin bəy bildirib ki, xalqımızın böyük əksəriyyəti kimi, fiziki olaraq müharibənin içində olmasam da ruhən hər an hərbçilərimizlə bir yerdə olmuşuq, baş verənləri anbaan izləmişik. Bu, ona görə belə idi ki, Qarabağ 30 il ən böyük qayğımıza, dərdimizə çevrilmişdi.

Siyasi iradənin gücü

- İnsanlarımızın çoxu fiziki olaraq döyüşlərin içində olmasa da, ruhən onların yanında idi. Şəxsən mən, ehtiyac olsaydı tərəddüdsüz-filansız həmin döyüşlərə yollanardım. O anlar düşünürdüm ki, inşallah, mənə ehtiyac olmaz, bu, nədənsə ehtiyat etdiyim, qorxduğum üçün deyildi əslində, “ehtiyac olmaz”- deyəndə, Azərbaycan dövlətinin, Ordusunun gücünə inandığım üçün belə fikirləşirdik. Bu işin başlanğıcından bitməsinə qədər o əminliyimiz bir an olsun çəkilmədi. Səmimi deyirəm, bu işdə siyasi iradə ən böyük güc oldu. Siyasi iradə olan yerdə, həm insanlar, həm ordumuz qarşıya qoyulan istənilən vəzifəni həll edə bilərdi və etdi. Bu siyasi iradənin şahidi isə tək biz yox, prosesi axıradək izləyən hər kəs oldu. Buna görədir ki, Prezidentimiz İlham Əliyev ancaq xalqımıza qələbə sevinci yaşadan Ali Baş Komandan kimi yox, həm də güclü liderlərə xas olan siyasi iradəsi olan bir şəxsiyyətdir.

Bir millət, iki dövlət

-2003-cü ildən Azərbaycandayam və ümummilli liderimiz Heydər Əliyevin bu sözlərini tarixi köklərimizlə bağlı cilid-cilid kitablara bərabər sayıram. Düzdür, uzun müddət bir-birimizdən aralı düşmüşük, lakin genetik yaddaşımız o köklərin bağlılığını qoruya bilib. Azərbaycanda 1918-ci ildə buraya gələn Qafqaz İslam Ordusunu, Nuru paşanı, qanı Can Azərbaycan torpaqlarına hoparaq qalmış türk şəhidliyini unutmadıqları kimi, Türkiyədə də Çanaqqala uğrunda savaşa girən yüzlərlə azərbaycanlını, ötən əsrin 20-ci illərində istiqlal döyüşlərinə girən insanlarımıza kömək üçün Bakıdan göndərilən altunları və digər qardaşlıq addımlarını minnətdarlıqla yad edən milyonlarla insan var. Bu faktların və ən nəhayət, şahidi olduğumuz Vətən müharibəsinin yaratdığı həqiqətlər o kəlamın ən yaxın tariximizdəki gerçəkliyidir. Müharibədə qazanılan Zəfər qədər şəxsən mənim qarşılaşdığım bir hadisə də bu il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi oldu. Həm Azərbaycan, həm də Türkiyədə hesab edirlər ki, o Bəyannamə gələcəyə hesablanan ideyalar üçün etibarlı təməldir.

Bayraq qədər uca Şəhidlik

-Bayraq hər bir xalqın bağrından qopan duyğuların ifadəsi, boyandığı rənglər o xalqın seçdiyi gələcəyin əksidir. Ona ehtiram göstərmək o xalqın bir parçası olan hər kəsin borcudur. Şəhidliyə isə, başqa nə cür münasibət ola bilər? O, ilk növbədə ailənə, xalqına, evinə və torpağına içində bəslədiyin hisslərin təzahürü, onlar naminə canından keçmək, şəxsi şücaət göstəricisidir.

Hərbi Qənimətlər Parkı, əslində, Zəfər Parkıdır

-Adı Hərbi Qənimətlər Parkı olsa da o, bir Zəfər Parkıdır və mən hər dəfə bura gələndə Zəfərimizi nəinki görür, onu hiss edir, duyuram. Bura bizim üçün mənəvi dəyərdir, burada olmaq hər birimiz üçün qürurvericidir. Park Zəfərimizin, gücümüzün rəmzi olduğu kimi, burada nümayiş olunan texnika, silah-sursat qarşı tərəfin fərariliyinin simvoludur. 44 günlük müharibə bir də onu göstərdi ki, hər vaxt qabaqda olmaq - texnologiya ilə, modern hərbi taktika ilə irəli baxmaq bütün sahələrdə olduğu kimi, hərb sahəsində də mütləqdir. Bu müharibə, təsadüfi deyil ki, dünya hərb ekspertlərinin haqqında danışdıqları, texnoloji tətbiqin sözünü dediyi birinci faktlardan olması ilə diqqəti cəlb edir. İstər Türkiyə, istərsə də İsrail istehsalı olan PUA-lar intellektual Azərbaycan komandirlərinin mükəmməl istifadəsi ilə İkinci Qarabağ müharibəsində öz sözünü dedi. Bir sözlə, Silahlı Qüvvələrimizdə qərarlılıq, müasir texnologiyanın tətbiqi və istedadlı, modern dünyagörüşlü hərbçi kadrların olması və xalq-lider birliyinin yaratdığı möcüzəni görə bildik.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.