CƏMİYYƏT


Hərbi ekspert: Azərbaycan və Türkiyə vahid orduya malikdir

Hərbi ekspert: Azərbaycan və Türkiyə vahid orduya malikdir

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinin İranla sərhəd boyu aparılması həm də molla rejiminə açıq mesajdır. Bu təlimlər birmənalı olaraq Azərbaycan və Türkiyə tərəfindən İran mollalarına qarşı cavab reaksiyası idi. Təlimlərin əsas məqsədi Şuşa Bəyannaməsinin ərazidə koordinasiyalı şəkildə həyata keçirilməsinə dair fəaliyyətlərimizi bizə qarşı olan qüvvələrə nümayiş etdirməkdən ibarət idi. Digər tərəfdən isə hər iki qardaş ölkənin silahlı qüvvələri müxtəlif ərazilərdə, istənilən coğrafiyada, istənilən vəzifələri koordinasiyalı şəkildə yerinə yetirə biləcəklərini də Ermənistana və onun müttəfiqlərinə bir daha nümayiş etdirdilər.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.

Hərbi ekspertin sözlərinə görə Astara, Cəbrayıl və İmişli rayonlarında ilk dəfə birgə təlimlərin keçirilməsi də təsadüfü deyil. Məhz İranla sərhəddə yerləşən bu ərazilərin seçilməsi ondan xəbər verir ki, Azərbaycan İranın təhdidlərindən narahat deyil və Azərbaycan-Türkiyə birliyi istənilən İran təhdidinin qarşısını almağa daim hazırdır.

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın da Bakıya gəlməsi Türkiyə tərəfinin bu təlimlərə verdiyi böyük əhəmiyyətin göstəricisidir. Hər iki ölkənin müdafiə nazirlərinin təlimlərin final hissəsini birlikdə izləyiblər. Təlimlərin yekununa həsr olunmuş brifinqdə isə birgə bəyanatlar səsləndiriblər.

Türkiyə qırıcıları daha əvvəllər də Azərbaycana gəlib, burada təlimlərdə iştirak ediblər. Vətən müharibəsi vaxtı da Türkiyənin “F-16” qırıcıları Azərbaycanda olub. Gələcəkdə də bu təyyarələrin Azərbaycana gəlməsi, burada təlimlərdə və ya digər tədbirlərdə iştirak etməsi mümkündür. Paralel olaraq bu qırıcıların Azərbaycanda olması ondan xəbər verir ki, Türkiyə Ordusu Azərbaycan Ordusudur. Azərbaycan Ordusu da Türkiyə Ordusudur. Yəni bu ordular artıq bir-birinə inteqrasiya edib, iki qardaş xalqın mənafelərini və təhlükəsizliyini təmin etmək üçün daim döyüşə hazır vəziyyətdədirlər.

Ə.Verdiyev noyabrın 25-də ADA Universitetində keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyevin nitqində iki qardaş dövlətin - Azərbaycan və Türkiyənin vahid orduya malik olması barədə dediklərini xatırladıb: “Beləliklə, müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan-Türkiyə birgə təlimi üçün seçilmiş “Qardaş yumruğu” adı kifayət qədər uğurlu addır. Bunun hədəfi də İran tərəfindən Azərbaycana qarşı həyata keçirilən fəaliyyətlərə son qoymaqdır.

“Təlim başa çatandan sonra hər iki ölkənin müdafiə nazirləri “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə birgə iştirak ediblər. Təlimdə fərqlənən heyətlər təltif olunub. Azərbaycan ilə Türkiyə prezidentləri təlim iştirakçılarına çox vacib və mühüm əhəmiyyət kəsb edən mesajlar veriblər.

Bir daha hər iki ölkənin siyasi-hərbi rəhbərliyi bu təlimlərin qardaşlıq, birlik, bərabərlik təlimləri olduğunu vurğuladılar. Bu təlimlərin regionda təhlükəsizliyin təmin olunması üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd etdilər”, - deyə ekspert əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.