CƏMİYYƏT


Hərbi ekspert: Beynəlxalq təşkilatların mina terroruna qarşı mühüm addımlar atacağına ümid edirik

Hərbi ekspert: Beynəlxalq təşkilatların mina terroruna qarşı mühüm addımlar atacağına ümid edirik

Bakı, 27 may, AZƏRTAC

Azərbaycanın otuz il ərzində ərazilərinin intensiv şəkildə mina tarlasına çevrilməsini nəzərə alsaq, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və BMT-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda ikinci beynəlxalq humanitar konfransı Azərbaycan üçün hazırda ən aktual problemlərdən birinin həllində müəyyən irəliləyişlər əldə etməyə imkan yaratdı. Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişafla birbaşa əlaqə kontekstində görür.

Konfransın əsas məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaq olub. Konfrans iştirakçılarının işğaldan azad olunan ərazilərə səfər etməsi, orada ən çox mina basdırılmış Ağdam rayonu ərazisində ANAMA-nın fəaliyyətləri ilə yaxından tanış olması mühüm əhəmiyyət daşıyır. Çünki konfrans iştirakçılarının ərazidə həyata keçirilən fəaliyyətlərin, o cümlədən ərazilərin nə qədər sıx şəkildə minalarla çirkləndirildiyinin şahidi olması Azərbaycana dəstək fəaliyyətlərinin sürətlənməsinə səbəb ola bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.

O qeyd edib ki, qırx dörd günlük Vətən müharibəsindən bu günə qədər 302 Azərbaycan vətəndaşının mina qurbanı olması, ümumilikdə isə Ermənistanın hərbi təcavüzü nəticəsində indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşının minalardan zərər çəkməsi bir daha mina təhlükəsizliyinin nə qədər böyük fəlakətlər vəd etdiyini göstərir. Üçtərəfli birgə Bəyanatın imzalanmasından 30 aydan çox ötməsinə baxmayaraq, hələ də Ermənistan tərəfi Azərbaycana minalanmış ərazilərin dəqiq xəritələrini verməməkdə israr edir.

Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır – işğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb.

Onun sözlərinə görə, ümumiyyətlə, humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Azərbaycan ərazilərinin intensiv minalanmasını əvvəlcədən görən Ümummilli Lider 25 il əvvəl məhz bu gün üçün bizim humanitar minatəmizləmənin əsas yükünü daşıyan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin yaradılması barədə qərarı verdi. Biz bu qərarın hazırda nə qədər doğru və uzaqgörən qərar olduğunun canlı şahidiyik.

Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Azərbaycanın mina təhlükəsi ilə bağlı kifayət qədər geniş təbliğatına baxmayaraq, bu günədək ərazilərimizin təmizlənməsi üçün xərclənən vəsaitin çoxu sırf Azərbaycana aiddir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi çox məhduddur. Minatəmizləmə və digər humanitar məsələlərdə beynəlxalq ictimaiyyət Azərbaycanın problemlərinə qismən soyuq yanaşır. Sözdə verilən bəyanatlar ərazidə əksini tapmır.

“Konfrans çərçivəsində aparılacaq müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəyinə inanıram. Minalar Azərbaycan vətəndaşlarının 30 il didərgin düşdüyü doğma yurd-yuvalarına qayıdışını ləngidir. Ümid edirik ki, keçirilən son konfransdan sonra beynəlxalq təşkilatlar Azərbaycanın səsinə səs verəcək və Ermənistanın müəllifi olduğu mina terrorunun nəticələrinin daha qısa müddətdə aradan qaldırılması üçün mühüm addımlar atacaq”, - deyə ekspert bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.