CƏMİYYƏT
Hərbi ekspert: Hazırda Ermənistanın iki ölkənin sərhədlərini minalaması onların əsl xislətindən xəbər verir
44 günlük Vətən müharibəsindən iki ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistanın terrorçuluq mahiyyəti bu gün də davam edir
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 2-də minatəmizləmə işləri ilə məşğul olan şirkətin üç əməkdaşı Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, bir nəfərin sağ ayağı isə amputasiya olunub. Artıq yüzlərlə insan minaların qurbanı olub. Bu, Ermənistanın Azərbaycana qarşı gizli müharibəsi, terrorçuluq mahiyyətinin növbəti təzahürüdür və bu savaş 44 günlük Vətən müharibəsindən ötən iki ildən artıq dövrdə də davam edir.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.
O qeyd edib ki, bu eyni zamanda müharibənin başa çatmasından iki il ötməsinə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı terror siyasətinin bu gün də davam etdiyini göstərir. Ümumiyyətlə, yüzlərlə mina partlaması nəticəsində Azərbaycanın 200-dən çox vətəndaşının minada yaralanması, həyatını itirməsi bir daha Ermənistanın bəşəriyyət əleyhinə cinayətlərdə dövlət səviyyəsində iştirakını sübut edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük əksəriyyəti minalanıb, hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Hazırda Ermənistanın iki ölkənin sərhədlərini minalaması onların əsl xislətindən xəbər verir.
“Kapitulyasiya aktını imzalamasına baxmayaraq, işğal etdiyi Azərbaycan ərazilərini tərk edən erməni silahlıları bu gün də həmin ərazilərə və onlara yaxın mövqelərdə mina basdırılmasına davam edirlər. Müharibədən sonrakı dövrdə bir neçə dəfə Azərbaycan erməni silahlılarından ibarət diversiya qruplarının ərazimizə keçməsi və onların mina basdırdıqları zamanı saxlanılması faktlarını ictimailəşdirib. Lakin bütün bunlara baxmayaraq, Ermənistan tərəfi hələ də öz çirkin niyyətindən əl çəkmir, əksinə, bu proseslərin müxtəlif bəhanələrlə davam etdirilməsinə nail olmaq istəyir”, - deyə Ə.Verdiyev vurğulayıb.
Azərbaycanın münaqişənin başa çatması üçün verdiyi təklifləri dəyərləndirməkdən, sülh müqaviləsinin imzalanmasından müxtəlif bəhanələrlə boyun qaçırdığını bildirən hərbi ekspert söyləyib ki, bütün sülh təşəbbüslərini sabotaj edən Ermənistan bu gün də böyük Qafqaz regionunda təhlükəsizliyə ən böyük təhdid törədən yeganə ölkə kimi qalmaqdadır. Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi, özünü demokrat elan edən Paşinyan hakimiyyətə gəldi. Bu ölkə müharibədə ağır məğlubiyyətə uğramasına baxmayaraq, yenə də öz terrorçu mahiyyətindən əl çəkmir.
“Son aylardakı mina insidentləri Azərbaycanın hüquq-mühafizə orqanlarının baş verən mina partlayışları ilə əlaqədar sənədləri ən qısa zamanda beynəlxalq məhkəmələrin icraatına yönəltməsini zəruri edir. Hesab edirəm ki, bu mina terrorunda əli olan hər kəs layiqli cəzasını almalıdır”, - deyə hərbi ekspert sözlərinə əlavə edib.