CƏMİYYƏT


Hərbi ekspert: İşğaldan azad olunmuş ərazilərdə hələ də çoxlu sayda mina və partlamamış hərbi sursat qalmaqdadır

Bakı, 20 noyabr, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları davam edir. Amma həmin ərazilərdə hələ də çoxlu sayda mina və partlamamış hərbi sursat qalmaqdadır. Ərazilərin minatəmizləmə işi kifayət qədər çətin, uzunmüddətli və təhlükəli prosesdir. Ani ehtiyatsız davranış bədbəxt hadisə ilə nəticələnə bilər. Bu baxımdan mina təmizləyənlərin bu sahədə fəaliyyəti olduqca mürəkkəbdir. Buna baxmayaraq, həm müvafiq güc strukturları, həm də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu istiqamətdə fəaliyyətlərini intensiv davam etdirir. Ərazilər artıq müəyyən qədər hərbi sursatdan təmizlənsə də, mina təhlükəsi Azərbaycan vətəndaşlarının həmin ərazilərdə sərbəst fəaliyyəti üçün hələ də ciddi maneələr yaratmaqdadır.

Bunu hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.

Ə.Verdiyev qeyd edib ki, Azərbaycan vətəndaşları güc strukturlarımızın, Fövqəladə Hallar Nazirliyinin (FHN), ANAMA-nın əməkdaşlarının bu ərazilərdə həyata keçirdiyi minatəmizləmə fəaliyyətlərini təmkinlə, anlayışla qarşılayırlar. Buna görə onların hər birinə təşəkkür etmək lazımdır. Bu sahədə dövlət qurumlarının əməkdaşlığı daha intensiv şəkil alır. İnsanların əmin-amanlıq şəraitində yaşamaları üçün təhlükəsiz mühitin yaradılması istiqamətində ANAMA, FHN və digər qurumlar fasiləsiz fəaliyyət göstərir. Vətəndaşın dövlətə güvəni bu önəmli işi müvəffəqiyyətli edir.

“Unutmaq olmaz ki, hərbi zonalara daxil olmayan ərazilər də minalanıb. Erməni hərbçiləri minaların növlərini, relyefin müxtəlifliyini və basdırılma üsullarını məhz çoxlu sayda insan tələfatının olması üçün məqsədli şəkildə seçiblər. Nə zaman basdırılmasından asılı olmayaraq, hər bir mina, partlamamış hərbi sursat, əldədüzəlmə partlayıcı qurğular ölümcül fəsadlar törətməyə qadirdir. Aşkarlanan hər bir partlamamış hərbi sursat, əldədüzəlmə partlayıcı qurğularla əlaqədar FHN, ANAMA və daxili işlər orqanlarına müraciət etmək vacibdir. Azərbaycan dövlətinin hazırda prioritet vəzifələrindən biri də azad olunan ərazilərin tamamilə təhlükəsiz vəziyyətə gətirilməsi və məcburi köçkün vətəndaşlarımızın ən qısa müddətdə doğma yurdlarına qaytarılmasından ibarətdir”, - deyə hərbi ekspert vurğulayıb.

Ə.Verdiyev bildirib ki, hər birimiz minanın real təhlükə olduğunu nəzər almalıyıq. Təkcə bu ərazilərdə təhlükə törədən minalar deyil, həm də kustar üsulla hazırlanan partlayıcı vasitələr və partlamamış hərbi sursat da real təhlükə mənbələridir. Odur ki, əhalimizi bir qədər də təmkinli olmağa, həmin minalanmış ərazilərə səfərlərdən çəkinməyə çağırırıq. Vətəndaşlarımız mina təhlükəsizliyi məsələlərinə və ərazilərin minalardan təmizləməsi ilə əlaqədar fəaliyyətə dəstək olmalıdır. İşğaldan azad olunan ərazilərdə mina, partlamamış hərbi sursat qalıqları hələ də mövcuddur. Minalanmış ərazilərə gələrkən səhlənkarlıq, məsuliyyətsizlik və qaydalara etinasızlıq ağır nəticələrə və bədbəxt hadisələrə gətirib çıxara bilər. Öz qurbanları tərəfindən işə salınan, məsafədən idarə edilən, vaxtla işə düşən bu partlayıcı qurğular ərazidə geniş yayılıb və əhali, xüsusilə yeniyetmələr üçün yüksək təhlükə mənbəyi olmaqda davam edir. Partlamamış hərbi sursatla üzləşən vətəndaşlarımız onlarla təmasdan qorunmalı, ehtiyatlı və diqqətli olmalı, həmçinin məsuliyyətli davranmalıdır. Qarabağda yayılmış partlayıcı maddələr və minalardan yaralanma, tələf olma riskindən heç kim sığortalanmayıb. Odur ki, Qarabağa qayıtdıqdan sonra orda yaşamağa başlayacaq əhalinin üzləşə biləcəyi risklərdən mümkün qədər sığortalanmasına hamımız dəstək olmalıyıq.

“Minatəmizləmə işinin humanitar əhəmiyyəti də böyükdür. İnsanların rahat və təhlükəsiz yaşaması üçün minadan təmizlənən torpaqlara yenidən həyat veriləcək, burada yaradılan şərait əvvəlkilərlə müqayisədə daha gözəl olacaq. İşğaldan azad olunmuş bütün ərazilərin minalardan təmizlənməsi ümumilikdə Qafqaz regionunun iqtisadiyyatında mühüm rol oynayacaq logistika mərkəzlərinin, yolların və nəqliyyat layihələrinin reallaşmasında Azərbaycan dövlətinin rolunun dünyaya göstərilməsi baxımından önəmlidir”, - deyə ekspert əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.