CƏMİYYƏT


Hərbi ekspert: Ordumuzun yeni mövqelərdə yerləşməsi və möhkəmlənməsi davam edir

Bakı, 8 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatına hazırda Ermənistanın siyasi-hərbi dairələri daha diqqətlə yanaşmağa məcbur olub. Lakin separatçı rejimin son iki ildə baş verənlərdən nəticə çıxarmaması, Azərbaycan ərazisindən əsgərimizə atəş açmasına şərait yaratması, növbəti dəfə havadan “Dəmir yumruğ”un enməsi ilə nəticələndi. Bu əməliyyatın ən üstün cəhətlərindən biri də ondan ibarətdir ki, Silahlı Qüvvələrimiz bu strateji yüksəklikləri demək olar, heç bir itki vermədən əldə etdi. Əməliyyatlar aparılan günlərdə döyüşlərdə Ordumuzun əsgər və zabitləri vəzifələrini ləyaqətlə icra etdilər. Yalnız qaya uçması və mina partlayışında üç nəfər şəhidimiz oldu. Düşmənin təsdiqlənən itkiləri isə çox oldu və bu artıq hamıya məlumdur.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında əməliyyatların ölkəmiz və Silahlı Qüvvələrimiz üçün strateji əhəmiyyətindən bəhs edərkən deyib.

Ədalət Verdiyev xatırladıb ki, “Qisas” əməliyyatından dərhal sonra Sarıbaba və Qırxqız dağının, həmçinin onların ətrafındakı yüksəkliklərdəki, üç gün sonra isə Buxduz dağının və onun ətrafındakı yüksəkliklərdəki mövqelərin ordumuzun nəzarətinə keçməsi qəhrəman Silahlı Qüvvələrimizin növbəti möhtəşəm uğurunun nəticələridir. Ümumiyyətlə, Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdəki erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun mövqelərinə atəş açması “Qisas” əməliyyatının keçirilməsi ilə nəticələndi. Digər səbəb Ermənistanın əməl etmədiyi birgə Bəyanatın tam şəkildə yerinə yetirilməməsidir.

Komandolarımızın “Qisas” əməliyyatı Laçının erməni silahlılarından təmizlənməsi ilə başladı. Sonra Ordumuz Kəlbəcər və Laçın istiqamətində əldə edilən mövqelərdə möhkəmləndi. Yeni mövqelərə yol çəkilişinə başlandı. Təminat və təchizat məsələsi həll edildi, atəş və müdafiə sistemi quruldu, şəxsi heyətin xidməti üçün şərait yaradıldı.

Məlumat verilib ki, “Qisas” əməliyyatı Sarıbaba və Qırxqız dağı Ordumuzun Laçın rayonuna, dəhlizə və onun yaxın ətrafına atəş və vizual nəzarət imkanlarımızı artırır. Buzdux dağı və ətrafındakı yüksəkliklərin Ordumuzun nəzarətində olması isə Ağdaban kəndi, Suqovuşan, Sərsəng su anbarı və Vəng istiqamətində atəş və müşahidə imkanlarımızı kifayət qədər genişləndirir. Eyni zamanda, Ordumuzun birbaşa olaraq Murovdağ istiqamətində çıxışını təmin edir.

Aprel döyüşlərində azad edilən Lələtəpə və Talış yüksəkliklərinin Vətən müharibəsində oynadığı rolu nəzərə alaraq, son günlərdə nəzarətimizə keçən yüksək zirvəli dağların gələcəkdə mümkün ola biləcək əməliyyatlar üçün plasdarm kimi istifadəsi də istisna edilmir. Yüksəkliklərin azad edilməsi Azərbaycan Ordusunun mənəvi-psixoloji vəziyyətinə də kifayət qədər müsbət təsir edən amillərdən biridir. Bundan sonra da qəhrəman ordumuz yeni uğurlara imza atacaq və düşmənin bütün təxribatlarına layiqincə cavab verə biləcək. Qırxqız, Sarıbaba və Buzdux dağlarının Ordumuz tərəfindən nəzarətə götürülməsi sadalanan ərazilərlə yanaşı, bölmələrimizin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yeni ərazilərdə yerləşməsi üçün də münbit şərait yaradır.

“Əməliyyatdan ilk günündən iki gün sonra Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirdi ki, Azərbaycan ərazisindəki Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yol hazır olan kimi, həmin əraziyə dislokasiya olunacaq. Yol isə yekunlaşmaq üzrədir. Ermənistanda və Xankəndində isə bu səbəbdən daxili gərginlik artır.

Erməni separatçılarının rəhbərləri Suriyadan və Livandan gətirilərək Laçına yerləşdirilən ermənilərin çıxarılması proqramını da tərtib edib. Zamanında Azərbaycan torpaqlarında məskunlaşmanın yolverilməz olduğunu Azərbaycan tərəfi dəfələrlə bəyan edib. Separatçı rejim Laçından çıxacaq insanlara mənəvi kompensasiya kimi evləri yandırmağı tövsiyə edir. Hesab edirəm ki, fasiləsiz olaraq ərazini müşahidə altına almalıyıq”, - deyə hərbi ekspert sözlərinə əlavə edib.

Ə.Verdiyev deyib ki, Azərbaycan Ordusunun böyük peşəkarlıqla həyata keçirdiyi “Qisas” əməliyyatında ilk dəfə komando hissələri “Bayraktar TB2” PUA-ları ilə sinxron fəaliyyət göstərdilər. Hədəflərə nail olundu, amma qismən sabitlik bərpa olunsa da, Ordumuzun yeni mövqelərdə yerləşməsi və möhkəmlənməsi davam edir. Məsuliyyət zonasında sülhün qorunmasını təmin etmək öhdəliyini üzərinə götürən Rusiya sülhməramlılarının komandanlığı bu dəfə daha təmkinli və peşəkar davrandı.

“Azərbaycan Ordusu pilotsuz vasitənin komando bölmələri ilə qarşılıqlı əlaqədə yüksək dağlıq ərazidə əks hücum fəaliyyətlərini peşəkar və real döyüş əməliyyatı həyata keçirdi.

Azərbaycan Ermənistandan olan çağırışçıların Qarabağdan, Suriya və Liviyadan gələn ermənilərin isə Laçından və Zabux dərəsindən çıxarılması proseslərini məmnuniyyətlə izləyir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdən son erməni silahlısı və texnikası torpaqlarımızdan çıxarılmayana, Zəngəzur dəhlizi istismara başlamayana və qaçqın və məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıtmayanadək Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Ordumuzun düşməni cəzalandırma fəaliyyətləri davam edəcək”, - deyə ekspert vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.