Hərbi həkim: Vətən müharibəsi günlərində hospitala 6 minə yaxın yaralı əsgər qəbul etmişik…
AzerTAg.az
Bakı, 7 fevral, AZƏRTAC
“Təcili tibbi yardım maşını yavaş sürətlə hospitala yaxınlaşanda kədərlənirdik ki, şəhid gəlir. Maşın sürətlə gələndə tez lifti boşaldır, cərrahiyyə otağını hazır vəziyyətə gətirirdik ki, vaxt itirmədən dərhal əməliyyata götürək. Çünki bəzən əsgərlərin həyatı dəqiqələrdən, saniyələrdən asılı olurdu”, - deyə Ruslan həkim söhbət açır.
AZƏRTAC xəbər verir ki, Ruslan Məmmədov 2007-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. Əvvəlcə Füzuli Rayon Mərkəzi Xəstəxanasında işləyib. 2011-ci ildən Böyük Bəhmənli kəndindəki Füzuli Müalicə Diaqnostika Mərkəzində anesteziologiya və reanimatologiya şöbəsinin müdiri işləyib. 2022-ci ilin mayından isə Bakı şəhər 7 saylı doğum evində çalışır.
R.Məmmədov söhbətinə davam edir: “Sentyabrın 27-də atəş səsləri, top və mərmilərin gurultusu, havada uçan təyyarələrin uğultusu bir-birinə qarışmışdı. Saat 9 radələrində cəbhədə yaralanan ilk əsgəri qəbul etdik. Üç əməliyyat bloku və reanimasiya şöbəsi fasiləsiz işləyir, həkimlər gecəli-gündüzlü yaralıları həyata qaytarmaqla məşğul idi. Həm əməliyyatlara girir, həm də reanimasiya palatalarında xəstələrə baxırdım. Yanıq yarası ilə gələn əsgərlər xüsusilə çoxluq təşkil edirdi. Hətta o dərəcədə ki, şöbənin kandarına ayaq basanda iydən-qoxudan dayanmaq olmurdu. Elə yaralı əsgər var idi ki, gözünün içindən başqa bütün bədəni yanıq içində idi, amma bir dəfə də olsun ahıltı-ufultu, giley-güzar etmirdi. Sadəcə olaraq həmin günlərdə döyüşçülərin dəyanətinə, əzminə heyran qalmamaq mümkün deyildi.
Qəbul etdiyimiz xəstələrin çoxu ağır beyin travmaları, beyinə qəlpələr girdiyinə və çoxlu qanitirmələrlə əlaqədar olduğuna görə huşsuz vəziyyətdə olurdular, onların adını-soyadını belə bilmirdik. Elə gün olurdu ki, 250-300 xəstə gətirilirdi. Ümumiyyətlə, hospitalın fəaliyyət göstərdiyi həmin günlərdə 6 minə yaxın yaralı döyüşçü qəbul etmişik. 44 gün ərzində cəmi iki dəfə 2-3 saat əməliyyat bloku boş qalıb, qalan vaxt həmişə xəstə ilə dolu idi... Onların 609 nəfəri reanimasiya şöbəsində qeydiyyatdan keçib”, - deyə Ruslan həkim məlumat verir: “Neyrocərrahiyyə xəstəxanasından hospitala gələn neyrocərrah Şamil Tahirov oktyabrın 16-dək 26 ağır vəziyyətdə olan əsgərin üzərində cərrahiyyə əməliyyatı aparmışdı. Respublika Neyrocərrahiyyə Xəstəxanasının professoru Fariz Camalov, akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin damar cərrahı İlham Budaqov, akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ümumi cərrahı Samir Aslanov, İmişlidən gələn Fərzulla həkim, Gəncədən Əli həkim çox böyük fədakarlıq göstərirdilər. Elə gün olurdu ki, sutkanın 22 saatını iş başında keçirirdik, başqa cür də mümkün deyildi. Vətən müharibəsi günlərində məhz həkim və tibb işçilərinin bu fədakarlığı sayəsində bizim işlədiyimiz hospitalda şəhidlərin sayı 10-dan az oldu”.
Həmin günlərdə baş verən bir neçə hadisəni unuda bilmirəm, - deyə həkim 2020-ci ilin payızını xatırlayır: “Gecə saat 2 radələrində iki hərbi texnikanın arasında qalaraq dalağı partlayan əsgər gətirmişdilər. Əslən Qusar rayonundan idi, 2 litrdən çox qan itirmişdi. Onu əməliyyat stoluna çıxaranda əlimdən tutub dedi: - Həkim, mənim beş aylıq oğlum var. Əlbəttə, mən nə qədər soyuqqanlı olmağa çalışsam da, onun bu sözlərinin qarşısında biganə qalmaq çətin idi. Yaralı əsgərə toxtaqlıq verdim, hər şeyin yaxşı olacağına inandırdım. Səhəri günü uğurlu əməliyyatdan sonra onu arxa cəbhəyə yola salanda özündən çox mən sevinirdim. Yaralı vəziyyətdə gətirilən minomyotatan bir əsgər də eyni müraciətlə həkimlərə üz tutmuşdu: “İki ay əvvəl əkiz qızım olub, hələ onlarının üzünü görməmişəm”. Həkimlərin birgə səyləri ilə onu da həyata qaytardıq.
O qədər də ağır yara almayan bir kapitanı xatırlayıram. Özünün dediyinə görə, dörd gün vurulmuş tankın altında qalmışdı. Hər gün ermənilər həmin tankın ətrafından o yan-bu yana keçib gedirmişlər. Qaranlıqda sürünərək birtəhər xilas olmuşdu. Gecə ikən bir yaralı da gətirmişdilər, güllə sağ qabırğasının altından girib qaraciyəri paralayaraq sinəsindən çıxmışdı, xoşbəxtlikdən nə mədəyə, nə də mədəaltı vəzə toxunmamışdı. Daxili qanaxma nəticəsində 2 litrə qədər qan itirmişdi. Həmin döyüşçü 4 kilometr piyada gəlib təcili yardım maşınına çatmışdı, bir saatdan da artıq maşınla xəstəxanaya gətirilmişdi. Bu qədər ağır yara alan əsgər əməliyyat otağına qədər özü gəlmişdi. Çox cəsur bir oğlan idi, hətta əməliyyat olunmağa razılıq vermirdi. Hadrutun alınmasında iştirak edən bir giziri də xatırlayıram, onun döş boşluğuna qan yığılmışdı. Biləsuvar rayonundan idi, hospitala çatdırmaq mümkün olmadığından xeyli müddət yaralı vəziyyətdə səngərdə qalmışdı, şükür ki, onu da həyata qaytara bildik...”.
Ruslan Məmmədov hospitalda çalışan həkim və tibb işçilərinin xidməti barədə bunları da dedi: “İki dəfə hospitalın yaxınlığına raket düşdü, çox güclü silkələnmə oldu. Buna baxmayaraq, bir nəfər iş yerindən kənara ayaq qoymadı. Reanimasiya şöbəsində 20 orta və kiçik tibb işçisi var idi. Təsəvvür edin ki, onların 11 nəfəri həmin günlərdə COVID-19 virusuna yoluxduğundan 9 nəfərlə qalmışdıq. Nəinki mən, həmin kənddən və qonşu kəndlərdən olanlar da həftələrlə evə getmədən, hamama girmədən, günlərlə ac-susuz vəziyyətdə yaralılara qulluq edirdik. Tibb bacıları döşəmənin üstünə uzanaraq bir-iki saat mürgüləyir, yaralı döyüşçülər gələn kimi ayağa qalxırdılar. Hətta noyabrın 10-dan müharibə xalqımızın Zəfəri ilə başa çatandan sonra da hospitala yaralılar gəlirdi, biz onları da sağaldıb həyata qaytarandan sonra öz işimizi bitmiş hesab etdik”.
Xəbərin mətnində orfoqrafik səhv var