REGİONLAR
Hərbi hissədə Milli Qəhrəman haqqında sənədli filmin təqdimatı olub
Qəbələ, 27 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonundakı N saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı, şəhid batalyon komandiri, məşhur pəhləvan, mayor Əliyar Əliyev haqqında “Yaddaş” studiyasında çəkilmiş “Pəhləvan komandir” sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, yazıçı-publisist, şəhid Əliyar Əliyevin həyat və döyüş yoluna həsr edilmiş “Dağlar oğlu” kitabının müəllifi Hacı Nərimanoğlu çıxış edərək igid komandir, məşqçi və güləşçi, idman ustası Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev haqqında xatirələrini danışıb.
Filmin nümayişindən sonra çıxış edən əsgər və zabitlər Əliyar Əliyev kimi qəhrəmanları özlərinə örnək saydıqlarını, belə tədbirlərin hərbi vətənpərvərlik, döyüş, mənəvi ruhun gücləndirilməsində mühüm rolundan danışıblar.
Hərbi hissə komandanlığı tədbirin təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib.
“Pəhləvan komandir” adlı sənədli filmin nəfis tərtibatlı diskləri və “Dağlar oğlu” kitabının nüsxələri hərbi hissənin kitabxanasına, əsgər və zabitlərə hədiyyə edilib.