Hərbi hissədə narkomanlığa qarşı profilaktik tədbirlər barədə məlumat verilib
AzerTAg.az
Bakı, 9 dekabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun birgə təşkilatçılığı ilə aidiyyəti qurumları cəlb etməklə “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Komissiyanın işçi qrupu rəhbərinin müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar edərək narkotik maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı və narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumat verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.



Xəbərin mətnində orfoqrafik səhv var