REGİONLAR
Hərbi hissədə tədbir: “Qurtuluşun zəfər günü”
Gəncə, 19 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və fəal oxucuları “N” saylı hərbi hissədə Vətənin keşiyində dayanan zabit və əsgərlərin qonağı olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar hazırladıqları “Qurtuluşun zəfər günü” adlı musiqili ədəbi-bədii kompozisiyanı hərbi hissənin şəxsi heyəti qarşısında nümayiş etdiriblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, sonra kitab sərgisi ilə tanış olublar.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə müstəqil Azərbaycan Respublikasının qurtuluş tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasından danışılıb, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində bu gün mötəbər kürsülərdə söz sahibi olan dövlətimizin inkişaf tarixinə nəzər salınıb. Hərbi hissənin xalq çalğı alətləri ansamblının solisti Elnur Abbasov, ansamblın bədii rəhbəri, saz ifaçısı Ramiz Əliyev və Ceyhun Həsənov vətənpərvərlik ruhunda musiqilər ifa ediblər.
Fəal oxucuların əsgər və zabitlər qarşısında söylədikləri Vətənə həsr edilmiş şeirləri alqışlarla qarşılanıb.
Əsgər İsmayıl Hüseynovun vətənpərvərlik mövzusunda səsləndirdiyi şeirlər tədbirə xüsusi ab-hava qatıb.