ORDU
Hərbi hissələrdə ekoloji təhlükəsizliyin təmin edilməsinə və ətraf mühitin mühafizəsinə dair konfrans keçirilib
Bakı, 13 iyun, AZƏRTAC
Cari tədris ilinin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Sanitar-Epidemioloji Nəzarət Mərkəzində Tibb Baş İdarənin Ekologiya və təbiəti mühafizə şöbəsi tərəfindən “Hərbi hissələrdə şəxsi heyətin ekoloji təhlükəsizliyinin təmin edilməsi və ətraf təbii mühitin mühafizəsi” mövzusunda konfrans keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda hərbi hissələrdə gündəlik fəaliyyət zamanı şəxsi heyətin ekoloji təhlükəsizliyinin təmini, ətraf mühitin və hərbi əmlakın ekstremal amillərdən qorunması, şəxsi heyətin sağlam ekoloji təmiz mühitdə xidmətinin və yaşayışının təmin olunması barədə müasir elmi-nəzəri və praktiki nəticələrə əsaslanan təqdimatlar və məruzələr dinlənilib.
Tədbirdə, həmçinin hərbi hissələrin yerləşdiyi ərazilərdə ətraf mühitin mühafizəsi, Hərbi Dəniz Qüvvələrində Xəzər dənizi akvatoriyasında çirklənmənin qarşısının alınması və bioloji müxtəlifliyin qorunması, şəxsi heyətin təlim məşqləri və döyüş hazırlığı zamanı ətraf təbii mühitə dəyə biləcək ziyanın qismən azaldılması, işğal olunan ərazilərdə düşmən tərəfindən ətraf mühitə vurulan ziyanla bağlı müzakirələr aparılıb.