CƏMİYYƏT


Hərbi ixtisaslı sürücü müdavimlərdən ibarət komandalar arasında beşnövçülük yarışları keçirib

Bakı, 30 noyabr, AZƏRTAC 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) xüsusi hərbi ixtisaslı sürücü müdavimlərdən təşkil edilmiş komandalar arasında beşnövçülük üzrə hərbi-texniki idman yarışı keçirib.

AZƏRTAC xəbər verir ki, yarışın açılışında çıxış edən Cəmiyyətin sədri Niyazi Eynalov ilin əvvəlindən MMC-nin müxtəlif layihələr həyata keçirərək vətəndaşlarda idmanın hərbi-tətbiqi növünə marağın artırılmasına töhfə verməyə çalışdığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin gənc nəslin fiziki və mənəvi hazırlığına, hərbi-tətbiqi növün inkişafına dəstəyi və fikirləri Cəmiyyətin həyata keçirdiyi layihələrin əsas istiqamətini müəyyənləşdirir. Bu məqsədlə MMC-də atıcılıq kursu da yaradılıb.

Yarış barədə məlumat verən Niyazi Eynalov vurğulayıb ki, hər tədris dövründə müdavimlərlə təşkil edilən ardıcıl yarışlar Silahlı Qüvvələrimizin sıralarında xüsusi hərbi ixtisaslı sürücü mütəxəssis kimi xidmət edəcək gələcək sürücülərin hərtərəfli hərbi hazırlıqlı formalaşdırılmasına xidmət edir.

Daha sonra Cəmiyyətin filiallarında sürücülük peşəsinin sirlərini öyrənən gələcək sürücülərdən ibarət komandalar gərgin və maraqlı idman mübarizəsi şəraitində müəyyən edilmiş normativlər üzrə turnikdə dartınma, 100 metr məsafəyə qaçış, təlim əl qumbarasını hədəfə atma, təlim-yük avtomobilinin trayektoriya üzrə idarə edilməsi, kiçik çaplı odlu silahdan 25 metrdən hədəfə atəş açma yarışlarında mübarizə aparıblar.

Yarışın nəticəsinə uyğun olaraq, Cəmiyyətin Sabunçu rayon filialının komandası birinci, Binəqədi rayon 1 nömrəli və Bakı şəhəri Nizami rayon filiallarının komandaları isə sonrakı yerlərdə qərarlaşıblar.

Qalib komandalar kubok və diplomla mükafatlandırılıb. Komandaların üzvlərinə diplom və hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.