CƏMİYYƏT


Hərbi prokurorluğun nümayəndə heyəti Rusiyada səfərdə olub

Bakı, 9 iyun, AZƏRTAC

Ölkələrimizin Hərbi Prokurorluq orqanları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə Rusiya Federasiyası baş prokurorunun müavini - Rusiya Federasiyasının baş hərbi prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti əsasında Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 4-7-də Rusiya Federasiyasında səfərdə olub.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 4-də Rusiya Federasiyasının Baş Hərbi Prokurorluğunda baş hərbi prokuror Valeri Petrov, onun birinci müavini ədliyyə general-leytenantı Y.V.İvanov, müavini, ədliyyə general-leytenantı A.Y.Devyatko və digər rəhbər vəzifəli şəxslərlə Azərbaycan Respublikası hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında rəsmi görüş keçirilib. Görüşdə ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən hər iki hərbi prokuror, bunun tarixən xalqlarımız və dövlətlərimiz arasında siyasi, hüquqi, iqtisadi, mədəni və digər sahələrdə formalaşmış səmimi münasibətlərə söykəndiyini qeyd ediblər. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xalqlarımızın rifahı naminə gördükləri nəhəng işlər xüsusi vurğulanıb. Görüşdə hüquqi sahədə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də beynəlxalq səviyyədə qarşılıqlı səmərəli fəaliyyət, o cümlədən hüquqi əməkdaşlıq sahəsində mövcud münasibətlər müzakirə edilib.

Sonra hər iki dövlətin Hərbi prokurorluqlarının fəaliyyətlərinin təşkili məsələləri ilə əlaqədar yuxarıda adları çəkilən və digər vəzifəli şəxslərin iştirakı ilə brifinq keçirilib. Brifinqdə çıxış edən Baş Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri, o cümlədən Təşkilat İdarəsinin rəisi, baş ədliyyə müşaviri N.A.Sennikova, Hərbi idarəetmə orqanlarında, hərbi hissələrdə və təşkilatlarda qanunların icrasına nəzarət İdarəsinin rəis müavini, ədliyyə polkovniki A.A.Prokudin, Məhkəmələrdə cinayət işlərinə baxılması zamanı hərbi prokurorların iştirakının təmini İdarəsinin rəis müavini, ədliyyə polkovniki A.A.Belov və Cinayət işləri üzrə aparılan istintaq zamanı qanunların icrasına nəzarət İdarəsinin rəis müavini, ədliyyə polkovniki A.V.Bragin Rusiya Federasiyasının Hərbi prokurorluğu orqanları haqqında, eləcə də Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdə qanunların icrasına nəzarətin təşkili, məhkəmələrdə cinayət işlərinə baxılmasında hərbi prokurorların iştirakı və məhkəməyədək cinayət təqibinin həyata keçirilməsi zamanı hərbi prokurorların fəaliyyəti barədə məlumatlar veriblər. Ardınca müvafiq slaydlar nümayiş etdirilib.

Brifinqdə çıxış edən nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi prokurorluq orqanlarının strukturu, fəaliyyət istiqamətləri, qanunların icrasına və tətbiqinə nəzarət istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib. Brifinq zamanı nümayəndə heyətlərinin fəaliyyət istiqamətləri üzrə verdikləri qarşılıqlı suallar cavablandırılıb, ətraflı fikir mübadiləsi aparılıb.

İyunun 5-də nümayəndə heyəti baş hərbi prokurorun birinci müavini, ədliyyə general-leytenantı Y.V.İvanovun müşayiəti ilə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Hərbi Universitetinin fəaliyyəti ilə tanış olub. Universitetin rəisi, general-mayor İ.V.Mişutkin, rəis müavini, general-mayor V.N.Luqovoy və digər vəzifəli şəxslər tərəfindən Universitetin fəaliyyəti, elmi nailiyyətləri, təhsil istiqamətləri, fakültələri, tədris proqramları, maddi-texniki bazası, test və trenajor-simulyator qurğuları və sair barədə nümayəndə heyətinə geniş məlumat verilib.

Daha sonra nümayəndə heyəti Universitetin prokuror-istintaq, xarici dillər, maliyyə-iqtisad və digər fakültələrinin, eləcə də kriminalistika, informatika, idarəetmə və başqa kafedralarının fəaliyyəti haqqında ətraflı məlumatlandırılıb. Kriminalistika kafedrasının rəisi A.A.Barakşin nümayəndə heyətini kafedranın məhkəmə-tibbi ekspertizası, ballistika və digər bölmələri ilə tanış edib. Tanışlıq zamanı müasir avadanlıq və dünyada analoqu olmayan proqram təminatı nümayiş etdirilib.

İnformatika və idarəetmə kafedrasının rəisi O.K.Şevçenko kursantların tədris prosesində istifadə etdikləri müxtəlif növ informasiya texnologiyaları avadanlığı və proqram təminatı haqqında məlumat verib.

Hərbi prokuror Xanlar Vəliyev nümayəndə heyəti ilə birlikdə bu universitetdə təhsil alan Azərbaycan Respublikasının vətəndaşı olan dörd kursantla görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.

Habelə universitetin rəisi İ.V.Mişutkinlə Azərbaycan vətəndaşlarının gələcəkdə burada təhsil almaları, habelə Hərbi Prokurorluq orqanlarının əməkdaşları üçün ixtisasartırma kurslarının təşkili imkanları müzakirə olunub.

İyunun 6-da Rusiya Federasiyasının Ali Məhkəməsində baş hərbi prokurorun müavini, ədliyyə general-leytenantı A.Y.Devyatko və Məhkəmələrdə cinayət işlərinə baxılması zamanı hərbi prokurorların iştirakının təmini İdarəsinin rəisi, ədliyyə general-mayoru İ.A.Şaboltanovun iştirakı ilə Ali Məhkəmənin sədr müavini V.A.Davıdov və Hərbi qulluqçuların işləri üzrə Məhkəmə Kollegiyasının hakimi, hakimlər tərkibinin sədri İ.V. Kruplov ilə görüş keçirilib. Görüşdə nümayəndə heyətinin rəhbəri Xanlar Vəliyev Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, fəaliyyət göstərən birinci, apellyasiya və kassasiya məhkəmələri barədə məlumat verib. Bununla yanaşı, məhkəmələrdə dövlət ittihamının müdafiəsi sahəsində hərbi prokurorluq orqanlarının iş təcrübəsi bölüşülüb.

V.A.Davıdov Rusiya Federasiyasının qanunvericiliyində bir sıra cinayətlərin dekriminallaşdırılmasına dair qanun layihəsi, bununla əlaqədar “cinayət xətası” növündə yeni anlayışdan istifadə edilməsi və müvafiq məcəllə layihəsinin işlənib hazırlanmasının mümkünlüyü barədə məlumat verib. O, Ali Məhkəmə tərəfindən aparılan analitik fəaliyyət, Plenumun qərarlarının qəbul olunması, onların layihələrinin tərtib edilməsi, məhkəmə təcrübəsi və cəza siyasəti barədə ətraflı məlumat verib, sualları cavablandırıb.

Nümayəndə heyətinin rəhbəri, hərbi prokuror Xanlar Vəliyev səfər çərçivəsində keçirdiyi bütün görüşlərdə Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın ərazilərinin 20 faizinin işğal altında saxlanıldığını, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasətinin aparılması nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xüsusi vurğulayıb. Hərbi prokuror Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün istənilən yolla bərpa ediləcəyinə və həmvətənlərimizin öz dədə-baba torpaqlarına, doğma yurdlarına qayıdacaqlarına əmin olduqlarını bildirib.

İyunun 6-da baş hərbi prokuror, II dərəcəli dövlət ədliyyə müşaviri V.G.Petrov, onun birinci müavini və müavinləri, habelə idarə rəisləri ilə nümayəndə heyətinin keçirdiyi görüşdə baş tutmuş tədbirlər və aparılmış müzakirələrlə bağlı qarşılıqlı xoş təəssüratlar bölüşülüb.

Hərbi prokuror Xanlar Vəliyev yüksək qonaqpərvərliyə, səmimi və doğma davranışa görə təşəkkürünü bildirərək, münasibətlərin bu tərzdə davam edəcəyinə əminliyini vurğulayıb və baş hərbi prokuror V.G.Petrovu nümayəndə heyəti ilə birlikdə Azərbaycan Respublikasına səfərə dəvət edib.

Baş hərbi prokuror V.G.Petrov dəvətə görə minnətdarlığını bildirib, münasib olan vaxtda Azərbaycana səfər edəcəyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.