ORDU
Hərbi qulluqçuların Gəncəyə ekskursiyası təşkil olunub
Bakı, 11 sentyabr, AZƏRTAC
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçunun bu şəhərin tarixi yerlərinə ekskursiyası təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əsgərlər Gəncə Qala Qapılarını, “İmamzadə” dini-memarlıq kompleksini, böyük şair Nizami Gəncəvinin məqbərəsini və dahi mütəfəkkirin muzeyini, eləcə də Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev-muzeyini ziyarət ediblər.
Hərbi qulluqçular muzeylərdə toplanmış eksponatlarla tanış olub, Gəncənin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, incəsənət abidələri, yüksək mədəniyyəti, bölgənin adət-ənənələri barədə geniş məlumatlar əldə ediblər.