CƏMİYYƏT
Hərbi qulluqçumuz Amin Musayev: Vətənə qısa müddətdə qayıtmağım Ali Baş Komandanın səyləri nəticəsində mümkün oldu VİDEO
Bakı, 7 yanvar, AZƏRTAC
Vətənə qayıtdığım üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu qədər qısa müddətdə azad ediləcəyimə heç özüm də inanmırdım.
AZƏRTAC xəbər verir ki, bunu erməni əsirliyində olmuş hərbi qulluqçumuz Amin Musayev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə yanvarın 7-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında söyləyib.
Əsir düşməsi ilə bağlı danışan Amin Musayev deyib: “Erməni hərbçilərinin əhatəsinə düşdüyümü görəndə silahımı tuşladım ki, onlardan heç olmasa birini vurum. Onlar da məni vursun, şəhid olum. Çünki əsir düşməkdənsə, ölmək daha yaxşıdır. Məni arxadan iki nəfər tutdu. Yaralı idim. Məni təpədən aşağı sürüyə-sürüyə apardılar. Mənə qarşı nalayiq sözlər istifadə etdilər, ancaq mən cavablarını verirdim. Orada rusiyalı jurnalistin məni videoya çəkdiyindən xəbərim yox idi. Məni həkim maşınında da vururdular. Müəyyən yeri keçdikcə saxlayıb, məni döyməyə başladılar. Sonradan huşumu itirdim. Ayılanda xəstəxanada idim. Həkim sarğıya gələndə səsim çıxanda məni vururdu. Orada tibb bacılarından da şiddət görürdüm. Hətta bir dəfə boynuma isti su töküb yandırdılar. Yeməyi gətirib üstümüzə tullayırdılar. Ermənilər Azərbaycan əsgərindən çox qorxurdular. Ona görə də acıqlarını əsirlərdən çıxmağa çalışırdılar”.
Vətənə qayıdacağına daim inandığını vurğulayan Amin Musayev deyib: “Qısa müddətdə azad edilməyimiz Müzəffər Ali Baş Komandanın sayəsində mümkün oldu. Hətta qayıtdığım gün belə həkim gəlib sarğımı sarıyanda təəccübləndim. Bu dəfə tez gəlmişdi. Mənə xəstəxana paltarı geyindirdilər. Sonra avtomobillə aparıb təyyarəyə mindirdilər. Təyyarə Bakıya enəndən sonra bildim ki, Vətənimdəyəm. Bu hissi təsəvvür etmək üçün onu ancaq yaşamaq lazımdır. Orada əməliyyatı səhv etdikləri üçün burada həkimlərimiz yenidən cərrahi əməliyyat etdilər. Həkimlərimizə minnətdarlığımı bildirirəm”.