CƏMİYYƏT
Hərbi-siyasi ekspert: Kütləvi məzarlıqların olması ehtimal edilən bəzi yerlərdə araşdırmalar aparılacaq

Şuşa, 3 iyun, Gülay Nəzərova, AZƏRTAC
Görünür, kütləvi məzarlıq yalnız Şuşada deyil, bəzi yerlər var ki, orada da araşdırmalar aparılacaq. Başqa ərazilərdə də belə məzarlıqlar var.
Bunu AZƏRTAC-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.
O vurğulayıb ki, bu, insanlığa, bütövlükdə isə bəşəriyyətə qarşı cinayətdir. Birinci Qarabağ müharibəsində xeyli sayda azərbaycanlı itkin düşüb və onların taleyi ilə bağlı hələ də məlumat yoxdur. Son məlumatlara görə, Şuşa həbsxanasında və digər zirzəmilərdə ümumilikdə 360 nəfərə qədər azərbaycanlı əsir saxlanılıb.
Ekspert diqqətə çatdırıb ki, Şuşada aşkarlanan yeni kütləvi məzarlıqda qalıqları aşkarlanan 4 şəxs qeyri-insani şəkildə, işgəncə ilə öldürülərək basdırılıb. “Biz müharibədə əsir düşmüş şahidləri də dinlədik. Ermənilərin bu əməlləri bütün dünyada pislənilməlidir. Görünür, təkcə burada deyil, həmçinin bir çox yerlərdə əsirlərimiz qətlə yetirilib və işgəncələr görüblər. Bununla bağlı hələ araşdırmalar aparılır”.