DÜNYA
Hərbi tibb işçiləri Hubeyi tərk edirlər VİDEO
Pekin, 17 aprel, AZƏRTAC
Çində yeni növ koronavirusun (COVID-19) episentri olan Hubey vilayətinə ezam olunmuş təxminən 4 min hərbi tibb işçisi vilayəti tərk edib.
AZƏRTAC xəbər verir ki, epidemiya ilə mübarizə üçün ölkənin müxtəlif şəhərlərindəki hərbi hospitallardan Hubeyə cəlb olunan hərbi tibb qrupları bölgədə epidemioloji vəziyyətin yaxşılaşması fonunda geri qayıdıblar. Onlar çarter təyyarə reysləri və qatarlarla yola salınıblar.
Qeyd edək ki, virusun sürətlə yayıldığı vaxtlarda Çin silahlı qüvvələrinin ali idarəedici orqanı olan Mərkəzi Hərbi Şuranın sədri, Çin Xalq Respublikasının Sədri Si Cinpinin əmri ilə müxtəlif hərbi hospitallardan Hubeyə hərbi tibb işçiləri cəlb olunmuşdu. İlk 3 qrup Hubeyə yanvarın 24-də çatmışdı. Hərbi tibb işçiləri əsasən 3 xəstəxanada COVID-19 pasiyentlərinin müalicəsi ilə məşğul olublar. Onlar ümumilikdə 7 mindən çox xəstəni müalicə ediblər.
Hərbi tibb işçilərindən heç kimin infeksiyaya yoluxmadığı bildirilir. Hərbi tibb alimləri infeksiya ilə mübarizəyə güclü elmi və texniki dəstək veriblər. Hazırda Çində kliniki sınaqları aparılan 3 peyvənddən ilkini də məhz hərbi tibb alimləri hazırlayıblar. Çin Hərb Elmləri Akademiyasının nəzdində fəaliyyət göstərən Hərbi Tibb İnstitutunun mütəxəssislərinin hazırladıqları peyvəndin ikinci mərhələdə sınaqları aparılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbir
Pekin