CƏMİYYƏT
“Hərbi vətənpərvərlik mövzusunda sosial çarx” layihəsində iştirak edəcək şagirdlər müəyyənləşib
Bakı, 16 noyabr, AZƏRTAC
Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü Qrant müsabiqəsinin qalibi olmuş “ Hərbi Vətənpərvərlik mövzusunda sosial çarx” layihəsinin tədbirlər planına əsasən, noyabrın 15-də növbəti tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseydə sosial-çarx çəkilişi üçün texniki qrupun, şagirdlərin, müəllimlərin müəyyənləşdirilməsi məqsədilə reallaşıb.
Tədbirin açılışını layihə rəhbəri Gülnarə Əmiraslanova bildirib ki, tədbirin açılışı və icra müddəti xoş günlərə təsadüf edir. Rəşadətli Azərbaycan Ordusu başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla tarixi torpaqlarımızı işğaldan azad edərək Qarabağ problemini həll edib. Həmçinin o vurğulayıb ki, Azərbaycan öz igidləri, əsgər və zabitləri ilə döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirib. Məktəbin məzunları olan Seymur Bəylərov və Vüsal Allahverdiyev kimi cəsur və mərd vətən oğulları qəhrəmancasına şəhid olub.
Daha sonra layihənin məqsədi, aktuallığı və görüləcək işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Layihənin eksperti hüquqşünas Sərxan Sadıxov çıxış edərək bildirib ki, cəmiyyətdə peşədən və vəzifədən asılı olmayaraq gələcək nəsilləri vətənpərvər ruhda tərbiyə etmək hər bir insanın qarşısında duran ümdə vəzifələrdəndir.
Tədbir iştirakçılarının rəy və təklifləri dinlənildikdən sonra birgə qənaətə gələrək qeyd edilib ki, şagird və gənclər arasında milli-mənəvi şüurun təbliği və aşılanması işinin ən yüksək səviyyəyə çatdırılması üçün davamlı olaraq bu mövzuda layihələr keçirilməsi vacib məsələlərdəndir. Çəkilişdə iştirak edəcək şagirdlər seçilib və yaxın günlərdə çəkilişin keçirilməsinin tarixi müəyyənləşib.