SİYASƏT


Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər VİDEO

Bakı, 28 sentyabr, AZƏRTAC 

Məlum olduğu kimi, sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının müvafiq Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Sərəncama əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq, hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev deyib.

Z.Abdullayev bildirib ki, səfərbərlik Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir.

Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq, Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar.

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün bütün imkanlara malikdir. Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, tərəfimizdən onlara zənglər və SMS-lər daxil olduqda dərhal hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlsinlər. Məlumat üçün bildirirəm ki, son günlər xeyli sayda Azərbaycan vətəndaşı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün Xidmətə könüllü müraciət edirlər. Bu hal onu göstərir ki, vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirində böyük ruh yüksəkliyi ilə iştirak edəcəklər”, - deyə Dövlət Xidməti rəisinin birinci müavini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.