SİYASƏT


Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir VİDEO

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ehtiyatda olan hərbi vəzifəlilərin bir qrupunun cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalındakı müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.

Təlimə cəlb olunan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat, eləcə də həkim müayinəsindən keçdikdən sonra onlara hərbi geyim və digər təminat vasitələri verilib.

Daha sonra təlim iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Keçirilən təlimlərin onların döyüş və mənəvi-psixoloji hazırlığına müsbət təsir edəcəyini bildiriblər.

Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən hərbi vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olunub.

Təlim toplanışı yanvarın 29-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.