REGİONLAR
Hərbi xidməti başa vuran şabranlı gənclər Vətən naminə hər an silaha sarılmağa hazırdırlar
Şabran, 18 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 18-də Şabranda Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşdə həqiqi hərbi xidməti yenicə başa vurmuş 60 gənc, onların valideynləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və rayon rəsmiləri iştirak ediblər.
Tədbirdə respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə rayon icra hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsinin rəisi Anar Ağabəyov ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində yürütdüyü siyasət bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülür. Ən əsası isə ordunun döyüş ruhu yüksəlib.
Çıxış edənlər xidməti şərəflə başa vuran hərbi qulluqçulara təşəkkürlərini çatdırıb, Vətənə layiqli övlad olmağı, xalqımıza qələbə sevinci yaşatmağı arzulayıblar.
Ordu sıralarından tərxis olunmuş gənclər da öz növbəsində Vətən naminə hər an silaha sarılmağa, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər.
Sonda xidməti başa vuran gənclərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.