CƏMİYYƏT
Hərbi yönümlü QHT-lər sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlarla bağlı bəyanat yayıb
Bakı, 16 iyul, AZƏRTAC
Ölkəmizdə fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşkilatları Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin törətdiyi təxribatlarla bağlı son günlər sosial şəbəkələrdə təxribat xarakterli materialların paylaşılmasına etiraz edərək birgə bəyanat yayıblar.
AZƏRTAC xəbər verir ki, 20-yə yaxın QHT-nin birgə bəyanatında iyulun 12-dən etibarən düşmənin xain təxribatlarının qarşısının qüdrətli Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığı, bölmələrimizin əməliyyat şəraitinə tam nəzarət etdikləri vurğulanıb. Bildirilib ki, xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə tam güvənir, hərbçilərimizin qəhrəmanlığını qürur hissi ilə qarşılayırlar. Ordumuzun uğurlu cavab əməliyyatları, düşmənin dayaq nöqtələrinə vurulan sarsıdıcı zərbələr Azərbaycanın hər bir vətəndaşının sevincinə səbəb olur. Məhz bütün bunların təzahürüdür ki, iyulun 14-də xalqımız meydanlara yürüş edərək dövlətimizə, hərbçilərimizə dəstək şüarları səsləndirib, milli birlik nümayiş etdirdilər. Regionda söz sahibinə çevrilən dövlətimiz cəbhə xəttində ərazisinin toxunulmazlığı istiqamətində hərbi əməliyyatlar keçirməklə yanaşı, həm daxildə, həm də xaricdəki məkrli insanların ordu-xalq birliyinə nifaq salmaq istəyinə qarşı qətiyyətlə mübarizə aparır. Belə şəxslərdən biri də təxribat xarakterli videogörüntülər yayan düşmən xislətli Rəşad Məmmədovdur. Xain xislətli həmin şəxs yaydığı videogörüntüdə guya cəbhədə baş verənlərdən dərindən sarsıldığını bildirib.
“Düşmənə xidmət etməyin yalnız bir adı var - xəyanət! Biz hərbi yönümlü QHT-lər riyakar, düşmən maraqlarına xidmət edən belə şəxslərin hüquq-mühafizə orqanları tərəfindən ən sərt şəkildə cəzalandırılmasını tələb edirik”, - deyə açıqlamada vurğulanıb.