CƏMİYYƏT


“Hərbiyyə - 101” düşərgəsinin növbəti günü silahsız sıra hərəkətləri üzrə məşğələ ilə başlayıb

Bakı, 10 sentyabr, AZƏRTAC 

"Hərbiyyə - 101" düşərgəsinin beşinci gününə silahsız sıra hərəkətləri üzrə məşğələ ilə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sultanbud meşəsinə doğru hərəkət edən iştirakçıların avtomobil karvanı yol döngəsində xüsusi təyinatlı kəşfiyyatçı qrupun pusqusuna məruz qalıb. Kəşfiyyatçılar ağaclardan, əvvəlcədən qazılmış çalalardan və daldanacaqlardan hərəkət edərək iştirakçıları mühasirəyə alıb, onları və texnikanı girov götürməyə çalışıblar. İştirakçılar da öz növbəsində müqavimət göstərərək hətta əli silahlı kəşfiyyatçılarla əlbəyaxa döyüşə çıxıblar.

Silahların işə düşməsinə, partlayışların törədilməsinə baxmayaraq, iştirakçılar sonadək mübarizə apararaq bayraqlarını müdafiə ediblər. Birlik komandiri, general-mayor Mayis Bərxudarov iştirakçıları pusqudan uğurla çıxdıqlarına görə təbrik edib.

Həmçinin kəşfiyyat qrupları tərəfindən düşmən obyektlərinə nümunəvi basqın məşğələsi keçirilib. Düşmən obyektlərinin mühafizəçiləri zərərsizləşdirilib, kəşfiyyatçılar bir nəfəri əsir götürərək qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetiriblər.

Yaşayış məntəqələrində xüsusi təyinatlı qrupların fəaliyyəti üzrə nümunəvi məşqlər də təqdim olunub.

Kəşfiyyatçı snayperlərin və əsgərlərin müxtəlif şəraitlərdə birlikdə maskalanması, həmçinin kəşfiyyat silah və optik elektron cihazlar, mini pilotsuz uçuş aparatları, dağ ləvazimatları və xüsusi kəşfiyyatçı geyimləri ilə tanışlıq keçirilib.

Komanda üzvləri kompasın köməyi ilə hərəkət qaydalarını mənimsəyib, həmçinin 5 kilometr məsafəyə səmtimüəyyənləşdirmə üzrə idman yarışları təşkil olunub.

Sonra Beyləqan rayonunun Qəhrəmanlı kəndində yerləşən “Şəhidlər abidəsi” ziyarət olunub.

Yat komandasından sonra gecə yarısı həyəcan siqnalı əsasında iştirakçıların ayıqlığı yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.