CƏMİYYƏT


“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin müddəti uzadılıb

Bakı, 25 iyul, AZƏRTAC

“ASAN xidmət”, "ASAN Könüllüləri" Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 24-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Milli Qəhrəman İntiqam Atakişiyev, Aprel döyüşlərinin qaziləri, xüsusi təyinatlılar iştirakçılarla görüş keçiriblər.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev iştirakçıları salamlayaraq “ASAN xidmət” və “ASAN Könüllüləri” Təşkilatının bu təşəbbüsündən məmnun olduğunu qeyd edib. Elçin Quliyev dövlətimizin başçısı İlham Əliyevin ASAN könüllülərinin fəaliyyətinə daim dəstək olduğunu vurğulayıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev düşərgədə iştirak üçün xeyli müraciətin olduğunu qeyd edib. Həmçinin bu layihənin iştirakçılarda vətənpərvərlik hislərinin artırılması, onların bilik və bacarıqlarının yüksəldilməsi istiqamətində xüsusi rol oynayacağını bildirib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu layihənin reallaşmasını yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıb. Həmçinin təmsil etdiyi qurumun bu cür layihələrə daim dəstək olduğunu qeyd edib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ASAN könüllülərinin fəaliyyətinin gənclər üçün nümunə olduğunu vurğulayıb. Bildirib ki, bu il Dövlət Gömrük Komitəsinə işə qəbul olunan əməkdaşlardan 20-si məhz ASAN Könüllüsüdür.

Daha sonra qonaqlar nahar yeməyinə qatılıblar.

İştirakçıların təklifi nəzərə alınaraq düşərgənin müddəti iki gün uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.