CƏMİYYƏT


Hərəkətsizlik və həzm prosesinin düzgün getməməsi uşaqlarda piylənməyə səbəb olur

Bakı, 1 iyun, AZƏRTAC

Dünya əhalisinin 1,9 milyard nəfəri artıq çəki problemi ilə üzləşib. Statistikaya əsasən, bunun 6 milyondan çoxu piylənmədən əziyyət çəkənlərdir. Təəssüf ki, piylənməyə daha çox 5 yaşına qədər olan uşaqlar arşında rast gəlinir. Araşdırmalara görə, 2016-cı ildə 41 milyona yaxın 5 yaşınadək uşaq piylənmədən əziyyət çəkib. 2025-ci ildə piylənmə dünya əhalisinin 70 faizini əhatə edə bilər.

Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımovanın AZƏRTAC-a verdiyi məlumata görə, fast-fud yeməklər və şirniyyatların çox qəbulu, azhərəkətlilik uşaqlarda piylənməyə səbəb olur: “Təəssüf ki, uşaqlar son illər həddindən az hərəkət edir, vaxtlarını daha çox telefon, planşet və kompüterlə keçirirlər. Piylənməyə səbəb olan amillərdən biri hərəkətsizlik, digəri isə həzm prosesinin düzgün getməməsidir. Həzmin düzgün olmamasının səbəbləri arasında qida rasionunda lifli qidaların, yəni meyvə, tərəvəz və göyərtilərdən az istifadə olunmasını göstərmək olar. Bu, öz növbəsində, bağırsağın peristaltikasının azalmasına və nəticədə qəbizliyə aparıb çıxarır və dolayısı ilə piylənməyə səbəb olur”.

Qida mütəxəssisləri gündəlik menyuya zülal, karbohidrat, yağ, vitamin və minerallarla zəngin qida məhsullarını daxil etməyi məsləhət görürlər. Səhər yeməyi ilə nahar fasiləsi arasında uşaqların qəlyənaltısını evdə hazırlanan sendviçlər, meyvə və tərəvəzlər, lifli qidalar, o cümlədən yulaf, kəpəkli çörək, buğda, qoz-fındıq təşkil etməlidir. Qəlyanaltıda fast-fud qidalar, çibsilər, suxarilər, qazlı-şəkərli sular, energetik içkilər, yağlı və şəkərli un məmulatlarından istifadə olunması məsləhət deyil. Qida liflərinin əksəriyyəti bağırsaqlarda baş verən mikrobioloji xüsusiyyətlərə müsbət təsir göstərir. Məsələn, qida lifləri şəkərin normal dövranını tənzimləyir, yağ mübadiləsini stimullaşdırır, perestaltika prosesində hərəkətverici qüvvə rolu oynayır.

Qeyd edək ki, 1 yaşında uşağın normal çəkisi 10-11 kiloqram arasında olmalıdır. Körpənin ilk altı ayında hər ay 800 qram, növbəti altı ay ərzində isə hər ay 400 qram çəki artımı qeydə alınmalıdır. Lakin bəzi uşaqlar ay ərzində 2 kiloqram çəki almaqla həddindən artıq böyük sürətlə böyüyürlər. Belə olan halda narahatlığa əsas yaranır.

Həkim-pediatrın dediyinə görə, uşaqda bir ildə 3-6 kiloqram çəki artımının qeydə alındığı halda “həyəcan təbili” çalınmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.