ELM VƏ TƏHSİL
“Hərəyə bir kitab oxuyaq, mütaliəmizi genişləndirək” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 12 mart, AZƏRTAC
“Hərəyə bir kitab oxuyaq, mütaliəmizi genişləndirək” layihəsi çərçivəsində keçirilən müsabiqə başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, bu qurumun tabeliyindəki 322 nömrəli tam orta məktəbdə müsabiqənin yekun tədbiri keçirilib.
Müsabiqənin təşkilində əsas məqsəd məktəblilər arasında mütaliə mədəniyyəti və oxu vərdişini inkişaf etdirmək, onların kitaba marağını daha da artırmaq, mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır. İki mərhələdən ibarət müsabiqədə 160-ya yaxın VIII sinif şagirdi iştirak edib. Müsabiqə ərzində şagirdlər müsahibələrə cəlb olunub, oxuduqları əsərlər müzakirə edilib.
Yekun tədbirdə çıxış edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, layihə rəhbəri Ulduz Heydərova müsabiqə barədə məlumat verib.
Daha sonra çıxış edənlər belə layihələrin təşkil olunmasının şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında mühüm rolu olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliə böyük əhəmiyyət daşıyır.
Sonda müsabiqədə xüsusilə fərqlənən şagirdlərə diplom, təşəkkürnamə və hədiyyələr verilib.