CƏMİYYƏT


Hesabat dövründə kasetli silahlardan ən çox qurban verən ölkələrdən biri də Azərbaycan olub

Bakı, 1 avqust, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının “Kasetli Silahlara dair Konvensiya”sı Oslo (Norveç) şəhərində 2008-ci ilin dekabrın 3-də imzalanıb. 2010-cu il avqustun 1-dən qüvvəyə minmiş bu Konvensiyanı hazırda 123 ölkə imzalayıb ki, onlardan da 110-u ratifikasiya prosesini başa çatdırıb. Konvensiyaya üzv dövlətlər 10 il ərzində nəzarətində olan ərazidəki bu silahların təmizlənməsini başa çatdırmalı, 8 il ərzində isə anbarlarındakı ehtiyatları məhv etməlidirlər. Bu Konvensiya qüvvəyə mindikdən sonra 17 dövlət kasetli silahlar istehsal etməkdən, onlarca dövlət isə bu silahların istehsalına investisiyalar qoymaqdan imtina edib.

Bu barədə AZƏRTAC-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov bildirib. Qeyd edib ki, Konvensiyaya üzv ölkələr ehtiyatlarında olan kasetli silahların 99 faizini məhv ediblər. Konvensiya qüvvəyə mindikdən sonra dövlətlərin ehtiyatında olan 1,5 milyon kasetli silahların 178 milyon subsursatı məhv edilib, 63,4 kvadratkilometr ərazisi təmizlənib.

Son hesabat dövründə kasetli silahlardan 360 nəfərin zərər çəkdiyi rəsmi qeydə alınıb. Zərərçəkənlərin hamısı mülki şəxslərdir ki, onların da 44 faizini uşaqlar təşkil edir. Ən çox qurbanlar Suriyada (182 nəfər) və Azərbaycanda (107 nəfər) qeydə alınıb.

Ermənistanla olan münaqişə səbəbindən Azərbaycan bu konvensiyaya qoşula bilmir. Konvensiyaya üzv dövlətlərin 2-ci İcmal Konfransında Azərbaycan rəsmi şəkildə bildirib ki, Qarabağda kasetli silahlardan istifadə etməyib və “ən qəti şəkildə kasetli silahlardan istifadə olunmasını qınayır”. 2015-ci ildən başlayaraq hər il Azərbaycan BMT Baş Assambleyasının bu Konvensiyaya aid qətnaməsinə müsbət səs verir. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.

2020-ci ilin payızında baş vermiş döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələri Rusiya istehsalı olan “Smerç” reaktiv yaylım atəş sistemindən atılan kasetli mərmilərdən istifadə edib. 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə atılmış mərmi 9N235 tipli subsursatla təmin edilmiş kasetli raket olub ki, bunun da nəticəsində 21 nəfər həlak olub və 70 nəfər yaralanıb. Bundan başqa, Ermənistan tərəfindən Azərbaycanın Qızılhacılı (3 oktyabr 2020), Tapqaraqoyunlu (23 oktyabr 2020), Kəbirli (24 oktyabr 2020) və Qarayusifli (27 oktyabr 2020) kəndlərinə də kasetli mərmilərin atılması sübut olunub.

Bütün bu hücumlar nəticəsində ilkin məlumatlara görə, 107 nəfər həlak olub və yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.