İQTİSADİYYAT
Hesablama Palatası Bələdiyyələrin Auditi üzrə Xüsusi Qrupun toplantısında təmsil edilib
Bakı, 20 noyabr, AZƏRTAC
Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Bələdiyyələrin Auditi üzrə Xüsusi Qrupunun 4-cü illik toplantısı keçirilib. Xüsusi Qrupun Katibliyini həyata keçirən Litva Milli Audit Ofisinin moderatorluğu ilə təşkil olunan toplantıda 27 ölkə və beynəlxalq təşkilatlardan (İƏİT, EUROSAI və s.) 65 nümayəndə iştirak edib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, palatanı toplantıda İqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov və böyük məsləhətçi Nazim Nağdəliyev təmsil ediblər. Toplantının əsas mövzusu EUROSAI-ın Bələdiyyələrin Auditi üzrə Xüsusi Qrupun 2021-ci il üzrə fəaliyyət planı, 2021-2023-cü illər üzrə işçi proqramı və digər məsələlərin müzakirəsi olub.
Toplantını Xüsusi Qrupun Katibliyinin rəhbəri Jura İvonaityte açıq elan edib. Litva Respublikasının baş auditoru Mindaugas Macijauskas toplantı iştirakçılarına uğurlar arzulayıb.
Hesablama Palatasının nümayəndə heyəti 3-cü strateji məqsəd üzrə əsas mövzu kimi səsləndirilən bəzi təkliflərlə bağlı fikirlərini bildirib. Nümayəndə heyəti, həmçinin digər ali audit qurumları ilə birlikdə paralel auditlərin aparılması və təcrübə mübadiləsinin həyata keçirilməsinin bələdiyyə auditinin inkişafına daha çox töhfə verəcəyini vurğulayıb.
Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasəti və rəhbərliyi ilə ordunun gücü və əzmi, habelə xalqın iradəsi və rəhbəri ətrafında sıx birləşməsi hesabına 44 gün davam edən Vətən müharibəsi torpaqlarımızın azad edilməsi ilə nəticələnib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş torpaqlarında dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin bərpa edilməsi və bələdiyyələrin formalaşdırılması Hesablama Palatasının Bələdiyyələr üzrə Xüsusi Qrupunda əldə etdiyi təcrübənin həmin bələdiyyələrdə də istifadə edilməsinə şərait yaradacaq.
Toplantının yekunu üzrə EUROSAI-ın Bələdiyyələrin Auditi üzrə Xüsusi Qrupun 2021-ci il üzrə fəaliyyət planı və digər sənədlər müzakirə olunaraq qəbul edilib. Toplantı yüksək müzakirələr şəraitində, interaktiv onlayn rejimdə 4 saat davam edib və Litva ali audit qurumları tərəfindən ilkin nəticələr ümumiləşdirilərək bağlı elan olunub.