İQTİSADİYYAT


Hesablama Palatası Dünya Bankının hesabatında

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 28-də “Ali Audit Qurumlarının Müstəqillik İndeksinə dair 2021-ci ilin Qlobal Sintez Hesabatı” mövzusunda Hesablama Palatası ilə Dünya Bankının tədbiri keçirilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və sahə üzrə məsul əməkdaşları, Dünya Bankının Bakı ofisinin rəhbəri Sara Maykl və nümayəndələri iştirak ediblər.

Dünya Bankının Bakı ofisinin rəhbəri Sara Maykl “Ali Audit Qurumlarının Müstəqillik İndeksinə dair 2021-ci ilin Qlobal Sintez Hesabatı” layihəsi barədə məlumat verib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tədbir iştirakçılarını salamlayaraq qısa nitqlə çıxış edib.

Tədbirə onlayn qatılaraq hesabatı təqdim edən Dünya Bankının meneceri Den Boys və PETA Katibliyinin və Dünya Bankının dövlət maliyyəsi idarəçiliyi üzrə qlobal rəhbəri Srinavas Qruzade bildiriblər ki, Dünya Bankının müvafiq idarəetmə qrupları tərəfindən aparılmış 118 ölkənin Ali Audit Qurumlarının (AAQ) müstəqillik indeksinin qiymətləndirilməsi layihəsi 2019-cu ilin oktyabrından 2021-ci ilin mayınadək davam edib, Dünya Bankından borcalan ölkələrin idarəetmə qrupları və İdarəetmə Qlobal Tətbiqi üçün hərtərəfli məlumat bazası yaratmaq, AAQ-nin qlobal vəziyyətini və inkişaf üçün boşluqları müəyyənləşdirmək məqsədi daşıyıb.

Hesabatda qeyd olunur ki, bütün dünyada AAQ-lər qabaqcıl idarəetmə, şəffaflıq və hesabatlılığın təşviqində mühüm rol oynayır, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasının izlənilməsinə kömək edirlər. Lakin məlumat məhdudiyyətləri səbəbindən bu qiymətləndirmə yalnız 118 ölkəni əhatələyib, müstəqillik dərəcəsinə əsasən hər bir ölkənin AAQ-nə müstəqillik dərəcəsi müəyyənləşdirilib. 118 ölkə üzrə qiymətləndirmənin nəticələri 1977-ci il Lima Bəyannaməsinin AAQ-lərin müstəqilliyinə dair tələblərini qarşılamaq üçün hələ bir sıra müvafiq işlərin görülməsinin vacibliyini göstərib.

Eyni zamanda, Dünya Bankının tapşırıq qruplarını və inkişaf tərəfdaşlarını müştəri (borcalan) ölkələrdə AAQ-lərin gücləndirilməsinə dəstək vermək üçün məlumatlandırmağı hədəfləyən qlobal qiymətləndirmə layihəsindən əldə edilən nəticələr 118 ölkə arasında yalnız 2 ölkənin ən yüksək müstəqillik dərəcəsinə malik olduğunu müəyyən edib, 17 ölkənin, o cümlədən Azərbaycan Respublikasının müstəqilliyinin yüksək, 33 ölkənin müstəqilliyinin əhəmiyyətli dərəcədə, 37 ölkənin müstəqilliyinin orta, 29 ölkənin müstəqilliyinin isə aşağı olduğu təsbit edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.