İQTİSADİYYAT


Hesablama Palatası: daxili dövlət borcu əhəmiyyətli dərəcədə azalıb

Bakı, 31 may, AZƏRTAC

Yanvarın 1-nə dövlət borcunun ümumi məbləği (xarici və daxili) 13471,4 milyon manat, 2016-cı il üzrə ÜDM-ə nisbəti 22,5 faiz, adambaşına düşən borc isə 1373,2 manat təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı Qanun layihəsinə və hesabata dair rəyində qeyd edilib.

Sənəddə bildirilir ki, ümumi dövlət borcu məbləğinin 12241,3 milyon manatı (90,9 faiz) xarici dövlət borcuna, 1230,1 milyon manatı isə (9,1 faiz) daxili dövlət borcuna aid olub. Xarici dövlət borcunda kredit sazişləri üzrə cəlb olunması nəzərdə tutulan vəsait 10931,8 milyon ABŞ dolları, istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlər üzrə isə 6913,2 milyon ABŞ dolları təşkil edib.

Təqdim olunmuş məlumatlara əsasən, borc portfelinin valyuta üzrə bölgüsündə ABŞ dolları ilə cəlb olunması nəzərdə tutulan məbləğ 2016-cı il ərzində 684,1 milyon ABŞ dolları və ya 9,1 faiz artaraq 8214,3 milyon ABŞ dollarına (xüsusi çəkisi 75,1 faiz) və faktiki xarici borcun məbləği 687,7 milyon ABŞ dolları və ya 15 faiz artaraq 5263,2 milyon ABŞ dollarına (xüsusi çəkisi 76,1 faiz) çatıb. Avro ilə cəlb olunması nəzərdə tutulan məbləğ 2016-cı il ərzində 45,1 milyon ABŞ dolları və ya 3,7 faiz azalaraq 1182,7 milyon ABŞ dolları (xüsusi çəkisi 10,8 faiz) və faktiki xarici borcun məbləği 544,3 milyon ABŞ dolları və ya 38,7 faiz azalaraq 860,9 milyon ABŞ dolları (xüsusi çəkisi 12,5 faiz) olub.

Valyuta məzənnələrinin və faiz dərəcələrinin dəyişdiyi bir şəraitdə bazar qiymətlərinin mütəmadi tərəddüdünün borc xidməti xərclərinin də dəyişməsinə səbəb olduğunu nəzərə alaraq, Hesablama Palatası borc portfelində valyuta riskləri və dəyişən faiz dərəcələri üzrə borc yükünün dövrü olaraq təhlil edilməsini və müvafiq qərarların qəbul olunmasını məqsədəuyğun hesab edib.

Borc portfelinin müddət həssaslığı nəzərə alınaraq Rəydə beynəlxalq təcrübəyə əsasən dövlət borcunun idarəedilməsi üçün, ilk növbədə, dövlət borcunu daimi nəzarətdə saxlayan və onun dayanıqlılığının təmin edilməsində zərurət hesab edilən borcun idarəedilməsi strategiyasının yaradılması təklif olunub. Qeyd edilib ki, bu məsələ "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli Fərmanında öz əksini tapıb.

Xarici dövlət borcu hesab edilən şərti öhdəliklərin həcmi 2016-cı il ərzində 683,6 milyon ABŞ dolları və ya 62,7 faiz azalıb. Hesablama Palatası şəffaflığın yüksəldilməsi, həmçinin hesabatlılığın artırılması məqsədilə şərti öhdəliklər və onların təsnifləşdirilməsi haqqında məlumatların qanunvericilikdə əks olunmasını təklif edib.

Hesablama Palatası Rəyində bu tarixə daxili dövlət borcunun 1230,1 milyon manat təşkil etdiyi, hesabat ili ərzində daxili borcun 73,5 faiz azaldığını da qeyd edib.

Borc məbləğinin azalmasına səbəb kimi daxili dövlət borcu sayılan şərti öhdəliklərin nəzərəçarpacaq dərəcədə - 3613,4 milyon manat həcmində azalaraq 299,6 milyon manat təşkil etməsi göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.