İQTİSADİYYAT
Hesablama Palatası ilə Pakistanın Baş Auditor Ofisi arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatası ilə Pakistan İslam Respublikasının Baş Auditor Ofisi arasında ikitərəfli əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı müzakirələr aparılıb, perspektiv istiqamətlər müəyyənləşdirilib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun sədri Vüqar Gülməmmədov Hesablama Palatasının ev sahibliyi ilə keçirilən ECOSAI-nın (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Təşkilatı) İdarə Heyətinin 23-cü və Təlim Komitəsinin 18-ci toplantısında iştirak etmək üçün Bakıda səfərdə olan Pakistanın baş auditoru Cavid Cahangir ilə görüşüb.
Görüşdə ECOSAI-nın üzv Ali Audit Qurumları arasında əməkdaşlığın gücləndirilməsindəki rolundan bəhs edilib, ECOSAI-nın baş katibi və Pakistanın baş auditoru Cavid Cahangir Hesablama Palatasının təşkilata verdiyi töhfələri və regiondakı əhəmiyyətini vurğulayıb.