İQTİSADİYYAT
Hesablama Palatası ötən il 41 nəzarət tədbirini başa çatdırıb
Bakı, 14 yanvar, AZƏRTAC
Hesablama Palatası kollegiyasının növbəti iclası kollegiya üzvlərinin və struktur bölmə rəhbərlərinin iştirakı ilə videoformat şəklində keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2020-ci ilin yekunları ilə bağlı çıxış edərək ilk növbədə, uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatların nəticəsi olaraq bu ilin Azərbaycan Respublikası üçün “Zəfər ili” kimi daim yadda qalacağını qeyd edib.
Sonra ötən ildə Hesablama Palatasının fəaliyyətinə toxunan sədr 2020-ci ildə pandemiya səbəbindən xüsusi iş rejiminin tətbiq edildyini, həmçinin iş planına dəyişikliklər olunaraq tədbirlərin sayının azaldıldığını, ümumilikdə ötən il 41 nəzarət tədbirinin başa çatdırıldığını deyib. Sədr, eyni zamanda, ötən il bəzi struktur bölmələrində işin müvafiq qaydada təşkil edilmədiyini, bir sıra nöqsanlara yol verildiyini qeyd edib.
Hesablama Palatasının sədri qarşıda duran vəzifələrə toxunaraq 2020-ci ildə fəaliyyətlə bağlı hesabatın və ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyin tərtibinə dair müvafiq tapşırıqlarını verib.
Kollegiya tərəfindən, həmçinin iki nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatları müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.