İQTİSADİYYAT
Hesablama Palatası tərəfindən səmərəlilik auditinin keçirilməsinə dair yeni təlimat təsdiqlənib
Bakı, 16 oktyabr, AZƏRTAC
Hesablama Palatası tərəfindən dövlət maliyyə resurslarının daha rasional idarə edilməsi, həmçinin ölkəmizdə dövlət maliyyəsinin idarə olunması sahəsində gedən islahatların hədəfləri nəzərə alınmaqla beynəlxalq təcrübənin öyrənilməsilə səmərəlilik (performans) auditinin keçirilməsinə dair yeni təlimat təsdiq edilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, təlimat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları”na, INTOSAI-in (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) audit standartlarına və təlimatlarına uyğun olaraq hazırlanıb.
Təlimatda INTOSAI-ın Peşəkar Bəyanatları çərçivəsində işlənilmiş ISSAI 100 “Dövlət sektorunda auditin təməl prinsipləri”, ISSAI 300 “Səmərəlilik auditi prinsipləri”, ISSAI 3000 “Səmərəlilik auditi standartı”, GUID 3910 “Səmərəlilik auditi üzrə əsas konsepsiyalar”, GUID 3920 “Səmərəlilik auditi prosesi” təlimatının tələbləri əsas götürülmüş və səmərəlilik auditi məfhumu, onun əsas prinsipləri, məqsədləri, elementləri, audit yanaşmaları və meyarları, audit riskləri, kommunikasiyalar, keyfiyyətə nəzarət, əhəmiyyətlilik, sənədləşdirmə məsələləri, səmərəlilik auditinin aparılması mərhələləri və hər bir mərhələdə görülməli olan işlər müəyyən edilib.
Təlimatın hazırlanması zamanı Hesablama Palatası tərəfindən İsveçrə Konfederasiyası Hökumətinin qrantı hesabına maliyyələşdirilib və Dünya Bankının idarəçiliyi ilə həyata keçirilmiş “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” Layihəsi (CAPSAP) çərçivəsində Hesablama Palatasının fəaliyyətinə aid “Ölkədə kənar audit funksiyasının gücləndirilməsi” sub-komponenti, həmçinin Avropa İttifaqının “Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq layihəsi” çərçivəsində səmərəlilik (performans) auditi ilə bağlı qazanılan zəngin təcrübədən istifadə edilib.
Təlimatla müəyyən edilmiş prinsiplərə uyğun olaraq cari ildə Hesablama Palatası tərəfindən iki səmərəlilik auditi aparılıb. Bu mövzular: “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi üzrə müəyyən olunmuş hədəflərə nail olunma səviyyəsinin səmərəlilik (performans) auditi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin meşələrin idarəedilməsi fəaliyyətinin qiymətləndirilməsidir.