İQTİSADİYYAT
Hesablama Palatasında Tvinninq layihəsi çərçivəsində büdcə təşkilatları üçün seminarlar keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 5-6-da Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə keçirilən "Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi" adlı Tvinninq layihəsinin icrası çərçivəsində ayrı-ayrı büdcə təşkilatlarında maliyyə idarəetməsi sahəsində fəaliyyət göstərən əməkdaşlar üçün silsilə tədbirlər keçirilib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə üzrə palatanın əsas tərəfdaşları – audit olunan qurumlar, parlamentin müxtəlif komitələri, media və digər maraqlı tərəflər ilə münasibətləri nəzərdə tutan komponenti əhatə edən seminarların əsas mövzusu "Hesablama Palatasının vəzifə, səlahiyyət və funksiyaları"dır.
2017-ci ilin oktyabr ayında start verilmiş layihə Benefisiar ölkəni təmsil edən Azərbaycan Respublikası Hesablama Palatasının və Aİ-yə üzv dövlət qismində Polşanın Ali Audit İdarəsinin ekspertlərinin dəstəyi ilə 27 ay ərzində həyata keçiriləcək.
Tvinninq Layihəsinin ümumi məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsidir. Bu layihə həm də hər iki qurumun qarşılıqlı əməkdaşlığının gücləndirilməsinə təkan verəcək.
Layihə beynəlxalq səviyyədə və Aİ tərəfindən qəbul edilmiş qabaqcıl təcrübələr əsasında Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən müəyyən edilmiş kənar dövlət auditi standartlarına uyğun olaraq Hesablama Palatasının institusional və inzibati potensialını gücləndirmək məqsədilə 4 nəticəyə nail olmağı nəzərdə tutur: Kadrlardan maksimum dərəcədə səmərəli və effektiv şəkildə istifadə etmək məqsədilə Hesablama Palatasının insan resurslarının idarə edilməsi və idarəetmə potensialının inkişaf etdirilməsi; Hesablama Palatasının Azərbaycanın yerli hüquqi normativ mühitinə və ISSAI standartlarına uyğun olaraq maliyyə və uyğunluq auditlərinin həyata keçirilməsi və hesabatların hazırlanması sahəsində potensialının inkişaf etdirilməsi; Hesablama Palatasının ISSAI standartlarına və Azərbaycanın yerli qanunvericiliyinə / normativ aktlarına uyğun səmərəlilik auditlərinin həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması potensialının inkişaf etdirilməsi; Hesablama Palatasının, funksiya və fəaliyyəti ilə əlaqədar məsələlərə dair Milli Məclis, audit edilən təşkilatlar və KİV-lər daxil olmaqla, məlumatlılıq səviyyəsi yüksək olan maraqlı tərəflər ilə effektiv münasibətlər qurması.
Qeyd edək ki, sadalanan istiqamətlər üzrə ötən dövrdə bir sıra müvafiq tədbirlər həyata keçirilib. Bunlar əsasən müxtəlif audit növləri üzrə təlimləri, Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericiliyin təhlili və beynəlxalq standartların tələbləri ilə müqayisəni, Polşa Ali Audit Qurumunun təcrübəsinin real iş şəraitində öyrənilməsi məqsədilə təlim səfərlərini və s. əhatə edib. 2019-cu ilin sonunda başa çatacaq layihə üzrə növbəti tədbirlər pilot maliyyə və səmərəlilik auditlərinin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi və bu fəaliyyətlərdən əldə edilmiş nəticələr əsasında daxili təlimat və tövsiyə sənədlərinin təkmilləşdirilməsi məsələlərini əhatə edəcək.